Joze Mourinyo ilk mövsümü titulsuz başa vuran ''Fənərbaxça'' xəbər verdiyimiz kimi yeni ''futbol ili''nə də bu məşqçi ilə hazırlaşacaq.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhənginin yay hazırlıq dönəminə dair bəzi detallar bəlli olub.
Komanda yeni mövsümün hazırlıqlarına iyulun əvvəllərindən etibarən start verəcək. İyulun ortasında isə ''Fənər'' Mourinyonun vətəninə, yəni Portuqaliyaya yollanaraq burda ikihəftəlik toplanış keçəcək. ''Sarı-lacivərdlilər''in həmin toplanışda qarşılaşacağı rəqiblərdən birinin adına aydınlıq gəlib. ''Fənər'' toplanışın sonlarına yaxın ''Eysebio Kuboku'' çərçivəsində Lissabon nəhəngi ''Benfika'' ilə qarşılaşacaq. Oyun lissabonluların stadionu olan ''Da Luj''da keçiriləcək.
Qeyd edək ki, hər iki komanda son mövsümdə öz ölkəsində gümüş medalları qazanıb və Çempionlar Liqasında mübarizəyə 3-cü təsnifat mərhələsindən başlayacaqlar. Yəni onların ÇL-də də bir-birinə rəqib olmaq ehtimalı var.
Xatırladaq ki, ''Benfika''da Türkiyə yığmasının iki aparıcı futbolçusu - Kərəm Aktürkoğlu ilə Orkun Kökçü də top qovur.