''Beşiktaş''ın qışda ''Monako''ya icarəyə göndərdiyi Əl-Musratidən xəbər var.
''Knyazlıq klubu'' 1 milyon avroya icarəyə götürdüyü liviyalı yarımmüdafiəçini daimi əsasda transfer etmək hüququnu da ələ keçirmişdi. Amma ''Monako'' bu hüquqdan yararlanmaq istəməyib. Klubun baş direktoru Tyaqo Skuro son açıqlamasında bunları deyib:
''Əl-Musratini daimi əsasda transfer etməyəcəyik. Bunu həm onun özünə, həm də ''Beşiktaş''a bildirmişik. Bizə bu aylar ərzində çox köməyi dəydi. Amma o mövqeyə bizə başqa profilli futbolçu lazımdı. Klubumuza verdiyi faydaya görə ona təşəkkür edirik''.
''Monako'' 29 yaşlı futbolçunu daimi əsasda transfer etsəydi İstanbul nəhənginə ''8+2'' milyon avro ödəməli olacaqdı. Əl-Musrati Fransa təmsilçisində meydana çıxdığı 11 qarşılaşmada aktivinə 1 qol, 1 məhsuldar ötürmə yazıb. Beləliklə, təcrübəli oyunçu qarşıdakı günlərdə Türkiyəyə geri dönməli olacaq. Çünki Fransada çempionat artıq başa çatıb.
Qeyd edək, tam adı Almoatasembellah Əli Məhəməd Əl-Musrati olan bu futbolçu ''Beşiktaş'' tarixinin ən bahalı transferi statusundadı. ''Ağ-qaralar'' onu 2023/24-ün qış transfer dönəmində ''Braqa''dan 11 milyon avroya heyətə cəlb etmişdilər. Əl-Musrati ''qartal''da 38 rəsmi oyunda forma geyərək 3 qol vura bilmişdi.