Axır ki! “Barselona” 28-ci çempionluğu vaxtından əvvəl, özü də “Real”dan sonra ən prinsipial rəqibi olan “Espanyol”la oyunda qazandı.
"Football-plus.az" xəbər verir ki, derbi “Barsa”nın 2:0 hesablı qələbəsi ilə bitdi, ilk qolu ispan futbolunun son illərdəki ən böyük ulduzu Yamal vurdu. Çox güman, Levandovski bombardirlik uğrunda mübarizədə Mbappeyə uduzacaq, ancaq debüt mövsümündə titulsuz qalan fransalıdan fərqli polşalı üç titul qazandı.
Turun qalan önəmli məqamlarından “Valyadolid”in ardından “Las Palmas”ın da elitadan getməsini, “Betis”lə “Atletiko”nun azarkeşləri məyus etməsini vurğulamaq olar. Səfərdə “Rayo Valyekano” ilə bacarmayan Sevilya klubunun ÇL-ə vəsiqə ümidi bitdisə, “hindular” da gözlənilmədən “Osasuna”ya uduzdu.
“Barselona”nın artıq çərşənbə günü çempionluğa sevinməsinə bir neçə saniyə çatmadı. “Malyorka” “Real”la oyunda bunun üçün əlindən gələni etdi. Hərçənd əlbəttə, adalılar kataloniyalıların maraqları hayında deyildi. Qonaqlar elə ilk məzmunlu hücumda hesabı açdı. Və ardından hesabı qorumağa başladılar. “Real” hər nə qədər kadr problemlərindən əziyyət çəksə də, get-gedə təzyiqi artırdı. Tezliklə əks-hücumlardan da əl çəkən “Malyorka” rəqibin saysız-hesabsız zərbələri və kornerləri fonunda yalnız müdafiə olunmaqla məşğul idi. Qonaqların qapıçısı Roman qan-tər içində bütün zərbələri dəf edirdi. Ancaq 68-ci dəqiqəyə qədər. Nəhayət, Mbappe rəqibin müqavimətini qırdı. Ancaq “Barsa”nın çempionluğunu mümkün qədər ləngitmək istəyən “Real”ı heç-heçə qane etmirdi.
Uzatma dəqiqələrində ilk dəfə çempionat oyununda start heyətinə düşən Ramon topu buna qədər 10 seyvlə yadda qalan Romanın başı üzərindən qapıya göndərdi.
“Betis”in ÇL ümidi möcüzəyə bağlıdı. “Rayo Valyekano” səfərində xal itirən “xiyarlar” artıq son iki oyunda böyükhesablı qələbə qazanmalı, “Vilyarreal” uzağı 1 xal götürməlidi ki, bu da mümkünsüzdü. “Betis” “Rayo Valyekano” ilə oyunun yalnız 2-ci hissəsində ayıldı ki, onda da artıq gec idi. Daha dəqiqi, qonaqlar hissənin əvvəlində hesabı bərabərləşdirsə də, bundan artığına gücü çatmadı. Bu heç-heçə tərəflərdən heç birinə sərf etmədi.
“Atletiko” artıq mövsümü yola verir. Evdə bu komandanı məğlub edən “Osasuna” isə daha bir nəhəngin “dərisini soyması” ilə öyünə bilər. Axı 1-ci dövrədə “Barsa” da Pamplonada uduzmuşdu. Yeri gəlmişkən, “Atletiko” ardıcıl 3-cü səfər oyununda qol vura bilmədi.
“Xetafe”ni səfərdə məğlub edən “Atletik”in ÇL-də oynayacağı artıq heç kimdə şübhə doğurmur. Basklar bu gedişlə hətta 3-cü yeri də “Atletiko”dan qopara bilər.
ÇL-ə vəsiqə uğrunda oynayan “Vilyarreal” 5-ci yeri əldən vermək fikrində deyil. “Sarılar” bu tur “Leqanes”i darmadağın etdi. Peres dubl etdi, Pepe daha bir qol vurdu. “Vilyarreal” 5-ci pillədə möhkəmləndi, 18-ci yerdə qalan “Leqanes”in isə xilas olmaq üçün son iki turda “Las Palmas”la “Valyadolid”ə qalib gəlməkdən başqa yolu yoxdu. Hələ “Alaves” da xal itirməlidi. Həmin “Alaves” ki, hesabat turunda “Valensiya”nın 10 oyunluq məğlubiyyətsiz seriyasına son qoydu.
“Las Palmas”ı qəbul edən “Sevilya” 8 matçlıq qələbəsiz seriyaya son qoya bildi. Yeganə qolu Paskual vurdu. “Las Palmas” son iki turda “Leqanes”lə “Espanyol”a qalib gəlsə belə, 38 xala malik “Alaves”i ötə bilməyəcək. Çünki bu komandalar arasındakı oyunlardan biri heç-heçə, o biri “Alaves”in qələbəs ilə bitib.
“Real Sosyedad” üçün heç bir turnir hədəfi qalmayıb. Odu ki, baskların evdə “Selta”ya uduzmasını təbii qarşılamaq olar. Axı viqolular inadla Avropa Liqasına can atır. Onların 52 xalı var və ən yaxın rəqibi “Malyorka”nı 5 xal qabaqlayırlar. Elə “Jirona”nın da hədəfi yoxdu. Kataloniyalılar çoxdan elitadan gedəcəyi rəsmiləşən “Valyadolid”i səfərdə məğlub etməkdə çətinlik çəkmədi.
Turun son oyununa çıxan “Barselona” çempionluğun taleyini vaxtından əvvəl həll edə bilərdi. Kataloniya nəhəngi bunu bacardı! Flikin yetirmələri ilk yarıda azarkeşlərini həyəcanlandırdı. “Blauqrana” ardıcıl hücumlar qursa da, “Espanyol”un əks-hücumları daha təhlükəli idi. Və belə məqamda səhnəyə Yamal çıxdı. Cərimə meydançasının sağ küncündə Olmodan ötürmə alan yeniyetmə ulduz bir qədər sola çəkilərək topu özünəməxsus üslubda “9-luğ”a göndərdi. Qapıçı Xoan Qarsiyanın sıçrayışı yalnız bu gözəlliyi tamamladı! “Barsa” bundan sonra elə də canfəşanlıq etmədi. 80-ci dəqiqədə Yamala qarşı kobud oynayan Kabrera meydandan qovuldu. Lamin isə “Espanyol”u daha bir dəfə cəzalandırdı. Lopes 5-ci uzatma dəqiqəsində məhz onun ötürməsindən sonra fərqləndi.
36-cı tur
Espanyol – Barselona 0:2
Yamal, 53. Lopes, 90+5. (34283)
Barselona: Şensnı, Martin (Balde, 46), Kristensen (Fort, 77), Arauxo (Kubarsi, 51), E.Qarsiya, Pedri, De Yonq, Rafinya, Olmo (Qavi, 77), Yamal, Levandovski (Lopes, 65).
Real – Malyorka 2:1
Mbappe, 68. Ramon, 90+5 – Valyent, 11. (60753)
Real: Kurtua, Valverde, Ramon, Asensio (Valyexo, 64), F.Qarsiya, Sebalyos, Modriç, Gülər, Bellingem, Endrik (Q.Qarsiya, 74), Mbappe.
Osasuna – Atletiko 2:0
Katena, 25. Budimir, 82. (21171)
Atletiko: Oblak, Qalan (Aspilikueta, 46), Le Norman, Ximenes, Lyorente, Koke (Korrea, 64), De Paul, Barrios (Molina, 52), Simeone (Lino, 46), Alvares (Qrizmann, 63), Sörlot (Qallaher, 67).
Valyadolid – Jirona 0:1
Stuani, 80. (12664)
Real Sosyedad – Selta 0:1
Qonsales, 44. (25124)
Sevilya – Las Palmas 1:0
Paskual, 52. (37078)
Alaves – Valensiya 1:0
Xordan, 79-p. (17626)
Vilyarreal – Leqanes 3:0
Peres, 23; 31. Pepe, 45. (17067)
Rayo Valyekano – Betis 2:2
De Frutos, 37. Lejen, 45+6 – K.Ernandes, 51. İsko, 61-p. (13480)
Xetafe – Atletik 0:2
Quruseta, 76. Vivian, 89. (11564)
1. Barselona 36 27 4 5 97-36 85
2. Real 36 24 6 6 74-38 78
3. Atletiko 36 20 10 6 60-29 70
4. Atletik 36 18 13 5 53-26 67
5. Vilyarreal 36 18 10 8 64-47 64
6. Betis 36 16 11 9 55-45 59
7. Selta 36 15 7 14 56-54 52
8. Rayo Valyekano 36 12 12 12 39-44 48
9. Osasuna 36 11 15 10 45-51 48
10. Malyorka 36 13 8 15 34-42 47
11. Valensiya 36 11 12 13 43-52 45
12. Real Sosyedad 36 12 7 17 32-42 43
13. Jirona 36 11 8 17 42-53 41
14. Sevilya 36 10 11 15 40-49 41
15. Xetafe 36 10 9 17 31-36 39
16. Espanyol 36 10 9 17 38-49 39
17. Alaves 36 9 11 16 36-47 38
18. Leqanes 36 7 13 16 35-56 34
19. Las Palmas 36 8 8 20 40-58 32
20. Valyadolid 36 4 4 28 26-86 16
Bombardirlər: Mbappe (Real) – 28, Levandovski (Barselona) – 25, Budimir (Osasuna) - 20, Rafinya (Barselona), Peres (Vilyarreal) – 18.
Turun rəqəmi
50 – La Liqanın cari mövsümündə artıq 50 əzmkar qələbə qeydə alınıb ki, bu da 2012/13 mövsümündən bəri ən yaxşı göstəricidi. Hesabat turunda “Real” mövsümdəki 6-cı əzmkar qələbəsini qazandı. Madridlilər bu göstəricidə “Barsa” və “Atletiko” ilə birgə liderliyi bölüşür.
Turun ulduzu
Lamin Yamal (Barselona) – sağ vinger, sadəcə, xarüqələr yaradır. O, Kataloniya derbisində “qol+ötürmə” göstəricisi ilə yadda qaldı. Cari mövsümdə 13-cü məhsuldar ötürməsini verən Lamin bu göstəricidə “böyük beşlik” ölkələrində yalnız Maykl Olise (Bavariya, 14) ilə Məhəmməd Salahdan (Liverpul, 18) geri qalır.
Turun sitatı
Xuan Laporta, “Barselona”nın prezidenti: