“Barsa” yenə “Real”ı qapazaltı etdi - İCMAL

16.05.2025 15:10 10
Dünya futbolu
Bazar günü keçirilən “el klasiko”dan sonra İspaniyada da çempionun müəyyənləşdiyini iddia etmək olar.

“İnter”lə ÇL oyunundakı səhvlərindən nəticə çıxaran “Barselona” “Real”a sonda təzyiqi artırmaq imkanı vermədi. Beləcə mövsümdəki 4-cü derbi də Flikin komandasının qələbəsi ilə başa çatdı. Sona üç tur qalmış ölkə futbolunun nəhəngləri arasındakı xal fərqi 7-yə bərabərdi. Artıq “Real”a yalnız möcüzə lazımdı.

4-cü derbi də “qol yağışı” ilə müşayiət olundu. Amma hesab meydanda yaşananları tam əks etdirmir. Son həftələrin ənənəsinə uyğun artıq ilk 15 dəqiqədən sonra “Barsa” 0:2 uduzurdu. Mbappe əvvəlcə özü qazandığı penaltini qola çevirdi, ardından Vinisiusun ötürməsi ilə təkbətək çıxıb fərqi artırdı. “Barsa” yalnız bundan sonra işə düşdü. 19-cu dəqiqədə Erik Qarsiya oyun günü 33 yaşını tamamlayan Kurtuanı “təbrik etdi”.

Növbəti qolları görmək üçün bir qədər çox vaxt lazım gəldi. Ancaq bu dəfə də ardıcıl iki qol vuruldu. 32-ci dəqiqədə Yamal səhnəyə çıxdı. Cəmi iki dəqiqə sonra yenə də Pedrinin başladığı hücumu Rafinya qolla tamamladı. “Barsa” fasiləyə qədər 4-cü qolu da vurdu. Amma bundan əvvəl maraqlı hadisə baş verdi. Mbappe De Yonqla mübarizədə yerdə qaldığına görə hakim penalti təyin etdi. Onsuz da VAR əsassız penaltini ləğv edəcəkdi, üstəlik bir qədər əvvəl ofsayd da var idi. Rafinya 45-ci dəqiqədə hesabı 4:2 etdi. Mbappe 6-cı uzatma dəqiqəsində fərqlənsə də, hakim onun ofsaydda olduğunu bildirdi. 2-ci hissədə də bu qədər qol gözləmək sadəlövhlük olardı. Növbəti qol 70-ci dəqiqəyə təsadüf etdi. Martinesin meydanın mərkəzindəki ötürmə səhvindən sonra topa yiyələnən Vinisius Mbappeni zərbə mövqeyinə çıxardı – 4:3.

Son 10 dəqiqədə top Çuameninin əlinə dəysə də, penalti təyin olunmadı, Mbappe ofsayddan daha bir qol vurdu, Lopesin qolu da əllə oyuna görə sayılmadı. Beləliklə, qələbəni əldən verməyən “Barsa” mayın 15-də növbəti çempionluğu bayram edə bilər. “Real” sabah “Malyorka” ilə oyunda büdrəyərsə, hətta daha tez.

“Atletiko” – “Real Sosyedad” oyunu 30 dəqiqəyə sığdı. Məhz bu müddətdən sonra həm azarkeşlərin, həm də futbolçuların vaxtına qənaət etmək üçün final fitini səsləndirmək olardı. Sörlot qısa zaman kəsiyində 4 qol vurdu. Cüssəli norveçli forvard 7-ci dəqiqədə fərqləndi və 30-cü dəqiqəyə qədər dayanmadı. Qonaqlar 2-ci hissədə də oyunun axarını dəyişə bilmədi. Sörlotun 5-ci qolunun qarşısını isə tir aldı.

Ümumiyyətlə, turun bir çox oyununda yüksək məhsuldarlıq qeydə alındı. “Selta” – “Sevilya”, “Leqanes” – “Espanyol” oyunları eyni hesabla (3:2) bitdi. İlk yarının sonunda azlıqda qalan viqolular oyunu qələbəyə daşıdı. “Espanyol”a qalib gələn “Leqanes” isə elitada qalmaq şansını qorudu. Axı bu komandanın əsas rəqibləri uduzdu. “Alaves” bask derbisində “Atletik”lə bacarmadı, “Las Palmas” evdə “Rayo Valyekano”ya uduzdu.

ÇL-də oynamağa imkan verən 5-ci yer uğrunda hələ də amansız mübarizə gedir. “Vilyarreal” səfər oyununda lap sonda vurduğu qolla “Jirona”ya qalib gəldi. “Betis” evdə “Osasuna” ilə heç-heçə etməklə ÇL-ə vəsiqə uğrunda mübarizədə “Vilyarreal”dan geri düşdü. “Selta” ilə yanaşı, “Malyorka” və “Valensiya” da 7-ci yer uğrunda mübarizə aparır. Balearlılan “Valyadolid” üzərində gözlənilən qələbə qazandı, “yarasalar” “Xetafe”ni darmadağın etdi.

35-ci tur
Barselona – Real 4:3

E.Qarsiya, 19. Yamal, 32. Rafinya, 34; 45 – Mbappe, 5-p.; 14; 70. (50319)
Barselona: Şensnı, E.Qarsiya (Fort, 78), Kubarsi (Kristensen, 57), Martines, Martin (Balde, 58), De Yonq, Pedri, Yamal, Olmo (Lopes, 77), Rafinya, Torres (Qavi, 89).
Real: Kurtua, F.Qarsiya, Çuameni, Asensio, Vaskes (Endrik, 84), Sebalyos (Modriç, 46), Valverde, Vinisius (Munyos, 88), Bellingem, Gülər (Dias, 46), Mbappe.

Atletiko – Real Sosyedad 4:0
Sörlot, 7; 10; 11; 30. (59612)
Atletiko: Oblak, Lyorente, Ximenes, Le Norman, Qalan, Barrios (Molina, 55), De Paul (Qallaher, 74), Koke, Simeone (Qrizmann, 68), Lino (Lemar, 68), Sörlot (Korrea, 74).

Las Palmas – Rayo Valyekano 0:1
A.Qarsiya, 66. (20577)

Valensiya – Xetafe 3:0
Pepelu, 8-p. Lopes, 18. Duro, 37-p. (43357)

Selta – Sevilya 3:2
Moriba, 19. Minqesa, 65. İqlesias, 90+1 – Qudel, 45+8-p. Salas, 90+8. (20281)

Jirona – Vilyarreal 0:1
Eyonq, 89. (12011)

Malyorka – Valyadolid 2:1
Maskarel, 28. Darder, 50 – Çuki, 11. (16018)

Leqanes – Espanyol 3:2
Sisse, 33. Diomande, 41. Kumbula, 63-öz qapısına – Kabrera, 79. Milya, 90+8. (11669)

Atletik – Alaves 1:0
Sançes, 71-öz qapısına. (47947)

Betis – Osasuna 1:1
K.Ernandes, 64 – Budimir, 75. (52839)

1. Barselona 35 26 4 5 95-36 82
2. Real 35 23 6 6 72-37 75
3. Atletiko 35 20 10 5 60-27 70
4. Atletik 35 17 13 5 51-26 64
5. Vilyarreal 35 17 10 8 61-47 61
6. Betis 35 16 10 9 53-43 58
7. Selta 35 14 7 14 55-54 49
8. Rayo Valyekano 35 12 11 12 37-42 47
9. Malyorka 35 13 8 14 33-40 47
10. Valensiya 35 11 12 12 43-51 45
11. Osasuna 35 10 15 10 43-51 45
12. Real Sosyedad 35 12 7 16 32-41 43
13. Xetafe 35 10 9 16 31-34 39
14. Espanyol 35 10 9 16 38-47 39
15. Jirona 35 10 8 17 41-53 38
16. Sevilya 35 9 11 15 39-49 38
17. Alaves 35 8 11 16 35-47 35
18. Leqanes 35 7 13 15 35-53 34
19. Las Palmas 35 8 8 19 40-57 32
20. Valyadolid 35 4 4 27 26-85 16

Bombardirlər: Mbappe (Real) – 27, Levandovski (Barselona) – 25, Budimir (Osasuna) - 19, Rafinya (Barselona) - 18, Sörlot (Atletiko) – 17.

Turun rəqəmi
39 – Mbappe het-trik sayəsində bu mövsüm “Real”ın heyətində rəsmi oyunlarda vurduğu qol sayını 39-a çatdırdı. Bu isə yeni rekorddu. İndiyə qədər debüt mövsümündə ən çox qol vuran futbolçu İvan Samorano idi (1992/93 - 37).

Turun ulduzu
Aleksander Sörlot (Atletiko) – düzdü, bu tur “el klasiko” da var idi. Ancaq “Real”ın uduzduğu oyunda Mbappenin het-triki, yoxsa Torresin üç məhsuldar ötürməsi norveçlinin pokerindən dəyərlidi?! Sörlot 10 dəqiqə 46 saniyəyə het-trik, 23 dəqiqəyə poker etdi. O, hər iki göstəricidə yeni liqa rekordu müəyyənləşdirdi.

Turun sitatı
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Yetərincə çox aşkar səhvə yol verdik və bunun əvəzini qollarla ödədik. Üçdən daha artıq qol vura bilərdik. Unutmaq olmaz ki, beş müdafiəçimiz yoxdu. İki dəfə hesabı 4:4 etməyə yaxın olduq. İki gözəl komandanın duelini izlədim. Son dəqiqəyə qədər döyüşdük”.


Faktlar
* “Atletiko” ardıcıl 13-cü mövsümdə ÇL-də oynayacaq. “Hindular” sonuncu dəfə 2012/13 mövsümündə bu turnirin iştirakçıları arasında olmayıb.
* “Barselona” bu mövsüm “Real”la hər oyunda minimum üç qol vurub. Buna qədər kataloniyalılar ölkə kubokunun finalında 3:2, Superkubokun finalında 5:2, 1-ci dövrədə 4:0 hesabıyla qalib gəlmişdi.
* Mbappe 2025-də 3-cü dəfə het-trik etdi. Fransalı ulduz ÇL-də MS, La Liqada “Valyadolid” ilə oyunda da eyni nəticəni göstərmişdi.
* “Barsa” mövsüm ərzində “Real”ın qapısına vurulan qol sayında yeni rekord müəyyənləşdirdi. Kataloniyalılar Madrid nəhəngini 16 dəfə məyus edib. İndiyə qədər heç bir başqa komanda mövsüm ərzində “Real”a bu qədər qol vurmayıb. Əvvəlki rekord “Barsa” (2011/12) ilə “Espanyol”a (1929/30) məxsus idi – 13 top.
* “Real” Ançelotti dönəmində mövsüm ərzində məğlubiyyət sayına görə antirekordunu yenilədi – 14. “Ağ şimşəklər” ÇL-də 6, La Liqada 6, İspaniya kubokunda və Superkubokunda 1 dəfə uduzub. İndiyə qədər Ançelottinin rəhbərliyi altında heç vaxt 12-dən artıq məğlubiyyət olmamışdı.
* “Real” indiyə qədər heç vaxt bir mövsümdə hansısa rəqibə 4 dəfə uduzmamışdı. Flik – Ançelotti duellərində də həmişə almaniyalı mütəxəssis qələbə qazanıb.
* “Barsa” La Liqada məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırdı – 14 qələbə, 2 heç-heçə. Bu komanda çempionatda sonuncu dəfə dekabrın 21-də uduzub (Atletiko – 1:2). Yeri gəlmişkən, “Barsa” cari mövsümdə bütün turnirlərdə 9 əzmkar qələbə qazanıb.
* “Barsa” ilə “Real”ın bütün turnirlər çərçivəsində 261-ci dueli reallaşdı. Bu oyunların 105-də “Real”, 104-də “Barselona” qələbə qazanıb, 52-də heç-heçə qeydə alınıb.

Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Bu qələbə fanatlar və oyunçular üçündü. Müdafiədə oyunu yaxşılaşdırmalıyıq. Güclü rəqibə qarşı oynadıq. “Artırmalıyıq”, mövsümlərarası hazırlıq zamanı bütün diqqətimizi buna yönəldəcəyik”.