İlk yarı “Real”ın üstünlüyü şəraitində keçdi. Meydan sahibləri dəfələrlə rəqibin müdafiə xəttini yarsalar da, təhlükəli vəziyyətlər boşa gedirdi, çünki “Barsa” onları “ofsayd tələsinə salırdı”. Xüsusən də Mbappe... O, təkcə ilk yarıda 6 dəfə oyundankənar vəziyyətə düşdü. Mbappenin 30-cu dəqiqədə vurduğu qol da buna görə sayılmadı. Vinisius isə ofsayda düşməsə də, əlverişli imkanı qaçırdı. Belə görünürdü ki, “Real” fasilədən sonra təzyiqi bir qədər də artıraraq hesabı açacaq. Ancaq Flik paltardəyişmə otağında futbolçularına nə dedisə, 2-ci hissə tam fərqli axar aldı. Oyun canlanandan cəmi 10 dəqiqə sonra Kasadodan şaquli ötürmə alan Levandovski aşağı küncə dəqiq zərbə vurdu. İki dəqiqə sonra polşalı ulduz Baldenin cinah asmasını başla tamamladı. Ançelotti bundan sonra hücumda yerdəyişmələr etməyə başladı. Mbappe əvvəlcə təkbətəki boşa verdi, ardından ofsayddan daha bir qol vurdu. Levandovski də iki dəfə meydan sahiblərini “bağışladı” – topu həm dirəyə vurdu, həm də qapının üstündən. “Real” yenə intriqanı bərpa edə bilərdi. Sadəcə, Bellingem şansı qaçırdı, Mbappe daha bir təkbətəki boşa verdi. Yamal 77-ci dəqiqədə 3-cü qolu vurandan sonra oyunun taleyi həll olundu. Ona məhsuldar ötürmə verən Rafinya 84-cü dəqiqədə 4-cü qolu da vurdu. Mövsümün indiki çağında çempionluqla bağlı danışmaq tez olsa da, “Barsa” faktiki titul inadını ortaya qoydu.
Belə görünür ki, Dieqo Simeonenin komandasında işlər qaydasında deyil. Çempionlar Liqasında “Lill”dən alınan və qəzavü-qədər kimi qəbul olunan məğlubiyyətin ardından “Atletiko” “Betis”ə də uduzdu. Özü də minimal hesablı məğlubiyyət meydanda yaşananları tam əks etdirmir. Sevilya klubu daha böyük hesabla qalib gəlməliydi. İlk dəqiqələrdən Oblakın qapısı önündə hücum dalğası yaradan meydan sahibləri Ximenesin 4-cü dəqiqədəki avtoqolu sayəsində irəli çıxdı. Bundan sonra da “Betis”in dəfələrlə fərqi artırmaq imkanı oldu. Top iki dəfə qapı çatından döndü, qapıya zərbələrin sayı isə 20-ni ötdü. “Atletiko”, demək olar ki, irəlidə heç nə yarada bilmədi. Qonaqlar 2-ci hissədə bir qədər fəallaşsa da, məğlubiyyətdən qaçmaq mümkün olmadı. Ancaq “Betis” üçün qələbədən başqa istənilən hesab qəbulolunmaz idi, çünki meydan sahibləri həqiqətən də yaxşı oynadı.
Turun qalan oyunlarına gəlincə, səfərdə “Valyadolid”i məğlub edən “Vilyarreal” 3-cü pilləyə yüksəldi. Mövsümün əvvəlini boşa verən “Sevilya” nəticələrini yaxşılaşdırmaqdadı, “Espanyol” üzərindəki səfər qələbəsində Lukebakionun dublu önəmli rol oynadı. “Rayo Valyekano” artıq 22-ci dəqiqədə azlıqda qalsa da, “Alaves”i məğlub edə bildi. “Las Palmas” ardıcıl 2-ci oyunda qələbə qazandı. “Leqanes” “Selta”nı darmadağın etdi, aşkar autsayder “Valensiya” səfərdə “Xetafe”dən 1 xal qopardı, “Real Sosyedad” isə evdə “Osasuna”ya uduzdu. Turun dünən axşam keçirilən son oyununda “Malyorka” ilə “Atletik” bir-birinin qapısına yol tapa bilmədi.
11-ci tur
Real – Barselona 0:4
Real: Lunin, Mendi (F.Qarsiya, 86), Rüdiger, Militao, Vaskes, Kamavinqa (Dias, 77), Çuameni (Modriç, 63), Valverde, Bellingem, Vinisius, Mbappe.
Barselona: Penya, Balde, Martines, Kubarsi, Kunde, Pedri (Qavi, 87), Kasado (Olmo, 65), Rafinya, Lopes (De Yonq, 46), Yamal, Levandovski.
Qollar: Levandovski, 54 (0:1). Levandovski, 56 (0:2). Yamal, 77 (0:3). Rafinya, 84 (0:4).
Vərəqələr: Kasado, 44. Kunde, 69. Martines, 75. Vinisius, 80. Penya, 82. Militao, 87. Qavi, 90 – sarı.
Hakim: Xose Mariya Sançes Martines (Mursiya).
26 oktyabr. Madrid. 78192 tamaşaçı.
Betis – Atletiko 1:0
Ximenes, 4-öz qapısına. (52621)
Atletiko: Oblak, Mandava (Qalan, 46), Ximenes, Vitsel, Molina, Lino (Simeone, 70), De Paul (Lemar, 84), Qallaher (Sörlot, 46), Koke, Qrizmann (Korrea, 70), Alvares.
Valyadolid – Vilyarreal 1:2
Silla, 60-p. – Barri, 29. Peres, 84. (20178)
Espanyol – Sevilya 0:2
Lukebakio, 20; 45. (23656)
Rayo Valyekano – Alaves 1:0
Sivera, 80-öz qapısına. (13010)
Las Palmas – Jirona 1:0
Munyos, 42. (21506)
Leqanes – Selta 3:0
Qarsiya, 59. Braşanats, 78. Qonsales, 82. (12454)
Xetafe – Valensiya 1:1
Arambarri, 90 – Barreneçea, 36. (12412)
Real Sosyedad – Osasuna 0:2
Torro, 23. Budimir, 34. (31729)
Malyorka – Atletik 0:0
(19797)
1. Barselona 11 10 0 1 37-10 30
2. Real 11 7 3 1 21-11 24
3. Vilyarreal 11 6 3 2 20-19 21
4. Atletiko 11 5 5 1 16-7 20
5. Atletik 11 5 3 3 16-10 18
6. Betis 11 5 3 3 11-9 18
7. Malyorka 11 5 3 3 10-8 18
8. Osasuna 11 5 3 3 16-16 18
9. Rayo Valyekano 11 4 4 3 12-10 16
10. Sevilya 11 4 3 4 12-15 15
11. Selta 11 4 1 6 17-20 13
12. Real Sosyedad 11 3 3 5 8-10 12
13. Jirona 11 3 3 5 11-14 12
14. Leqanes 11 2 5 4 9-12 11
15. Xetafe 11 1 7 3 8-9 10
16. Alaves 11 3 1 7 13-19 10
17. Espanyol 11 3 1 7 10-19 10
18. Las Palmas 11 2 3 6 13-19 9
19. Valyadolid 11 2 2 7 9-23 8
20. Valensiya 11 1 4 6 8-17 7
Bombardirlər: Levandovski (Barselona) – 14, A.Peres (Vilyarreal) - 7, Mbappe (Real), Rafinya (Barselona) - 6.
Növbəti turun oyunları noyabrın 1-4-ü aralığında keçiriləcək: Alaves – Malyorka, Osasuna – Valyadolid, Jirona – Leqanes, Vilyarreal – Rayo Valyekano, Valensiya – Real, Atletiko – Las Palmas, Barselona – Espanyol, Sevilya – Real Sosyedad, Atletik – Betis, Selta – Xetafe.
Turun rəqəmi
10 – “Barselona” 21-ci əsrdə “Real”la oyundakı darmadağınların sayını bu həddə çatdırdı. Madridlilər isə yeni əsrdə əzəli rəqibi cəmi üç dəfə belə məğlub edib.
Turun ulduzu
Robert Levandovski (Barselona) - əlbəttə, dəfələrlə komandasını xilas edən Penya, həm qol vuran, həm də məhsuldar ötürmə verən Rafinya da yaxşı oynadı. Ancaq oyunun taleyini üç dəqiqə ərzində iki qol vuran polşalı ulduz həll etdi. O, Mbappeyə top-forvardın böyük oyunda necə oynamalı olduğunu da əyani şəkildə göstərdi.
Turun sitatı
Jerar Pike, “Barselona”nın sabiq müdafiəçisi:
“Biz unikalıq. “La Masiya”dan olan bütün bu gənc uşaqlarla. Onlar heç vaxt bizim kimi olmayacaq. Bu nə şoudu! Qürur duyuram”.
Faktlar
* Ötən il sentyabrın 24-dən (Atletiko – 1:3) bəri heç bir komandaya uduzmayan “Real”ın məğlubiyyətsiz oyunlar seriyası 42-də dayandı. Bu göstəricidə La Liqanın rekordu “Barselona”ya məxsusdu. Kataloniya klubu 2017-18-ci illərdə ardıcıl 43 oyunda uduzmayıb.
* Modriç “El Klasiko” tarixinə ən yaşlı oyunçu kimi düşdü. 63-cü dəqiqədə meydana çıxan xorvatiyalı yarımmüdafiəçi 39 yaş 47 günlük idi. O, “Real”a qarşı 38 yaş 318 günlüyündə oynayan “Barselona”nın sabiq müdafiəçisi Dani Alveşin rekordunu yenilədi.
* “Real”ın oyunçuları 12 dəfə ofsayda düşdü – Mbappe 8, Vinisius 3, Bellingem 1 dəfə.
* “Barselona”nın futbolçularının orta yaş həddi 24 il 188 günə bərabər idi. Komanda sonuncu dəfə 1956-cı ildə bundan daha gənc heyətlə “el klasiko”ya çıxmışdı.
* “Barsa” derbidə 101-ci qələbəsini qazandı. “Real” isə 105 dəfə əzəli rəqibdən üstün olub.
* Yamal “El Klasiko” tarixinə ən “gənc” qolun müəllifi kimi düşdü – 17 yaş 106 gün. O, “Barsa”nın vingeri Ansu Fatinin (17 yaş 358 gün) rekordunu yenilədi.
Reaksiyalar
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“İndi nə hiss edirəm? Bu uğur komandanın, azarkeşlərin, klubun əməyidi. Hər birimiz xoşbəxtik, ancaq ilk növbədə azarkeşlər haqda düşünürük. Çünki onlar bu uğuru haqq edir. “Real”la oyunda bütün başqa mövqenin oyunçuları kimi, müdafiə xətti də yaxşı idi. Ancaq bir oyunçunu unutmayın. Bu oyunçu İnyiqo Martinesdi, o, yenə möhtəşəm idi”.
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Oyunla bağlı planıma görə təəssüflənmirəm. 48 ildi futboldayam, ilk yarıda yaxşı oynadığımızı desəm, səhv etmərəm. Bu oyun “Lill”ə məğlubiyyətdən fərqlənir. Həmin gün biz çox pis oynamışdıq. Bu gün isə “Real” rəqabətədavamlı idi. Fliklə aramızda nə oldu? Onunla problem yoxdu. Ancaq köməkçilərindən biri qolu bayram edərkən özünü centlmen kimi aparmadı. Flikə bunu dedim, o da razılaşdı”.






