Premyer-liqada hesabat turu “Liverpul”un növbəti qələbəsi və Mançester klublarının biabırçı məğlubiyyətləri ilə əlamətdar oldu. “Nottingem Forest” ortabablardan “Brayton”un qapısından 7 cavabsız top keçirdi. Son 4 çempionat oyununun hamısında uduzan “Tottenhem” də bu uğursuz seriyaya son qoydu.
Gözlənildiyi kimi, “Bornmut”la səfər oyunu “Liverpul” üçün çətin oldu. “Albalılar” liderlə qarşılaşmaya qədər çempionatda keçirdiyi son 11 oyunda uduzmamışdı. Təbii ki, İraolanın komandası növbəti sürprizi gerçəkləşdirmək istəyirdi. Oyuna yaxşı başlayan “Bornmut” debütdə hesabı aça bilərdi. Ancaq Klyuvertin yaxın məsafədən zərbəsinin qarşısını Alisson aldı, Semenyonun zərbəsindən sonra isə top dirəyə dəydi. Əvəzində mersisaydlılar hissənin ortalarında hesabı açdı. Qakponun qazandığı penaltini Salah qola çevirdi. İlk yarının sonunda meydan sahibləri rəqib qapısına yol tapdı. Ancaq Bruksun vurduğu qol Kerkez ofsaydda olduğuna görə qeydə alınmadı.
Slotun komandası ilk yarıda rəqibdən yaxşı oynadısa, 2-ci hissədə “Bornmut” daha parlaq təsir bağışladı. Fasilədən dərhal sonra Semenyo hesabı bərabərləşdirməyə yaxın olsa da, Alissonla təkbətək dueldən məğlub ayrıldı. Sonda İraolanın komandası möcüzəvi şəkildə bərabərlik qolunu vura bilmədi. Tavernyenin zərbəsi dirəkdən qayıtdı, Klyuvert isə bir neçə metrdən topu “çərçivə”yə salmağı bacarmadı. Belə bədxərcliyə görə “Bornmut” dərhal cəzalandı. Mersisaydlıların nümunəvi əks-hücumu Salahın növbəti qolu ilə nəticələndi. Sonda meydan sahibləri daha bir neçə imkanı boşa verdi. “Bornmut”un uzun seriyası başa çatsa da, oyunu göz oxşadı. Vacib qələbə qazanan “Liverpul” yenə izləyiciləri ilə ciddi xal fərqini qorudu.
Turun mərkəzi oyununda sürpriz qeydə alındı. “Arsenal” cari mövsümdə çempionluq hədəfini gizlətməsə də, son 6 çempionat oyununda uduzmayan “Mançester Siti”nin belə darmadağın olacağını heç kim gözləmirdi. Darmadağının əsası 2-ci dəqiqədə qoyuldu. “Siti” müntəzəm təşəbbüsü ələ keçirməyə çalışsa da, nadir əks-hücumlardan başqa heç nə yarada bilmirdi. Qonaqların 2-ci hissənin əvvəlindəki fəallığı Holannın bərabərlik qoluna səbəb oldu. Amma cəmi iki dəqiqə sonra daha bir səhvdən yararlanan Parti “Arsenal”ı yenidən irəli çıxardı. Lüis-Skellinin 62-ci dəqiqədə vurduğu qol qonaqları tam ruhdan saldı. Onların müdafiə xətti pərən-pərən düşdü. Belədə “topçular” əsas rəqiblərindən birini “top atəşinə tutdu”. Haverts və Nvaneri final fitinə qədər hərəyə bir qol vurmaqla “Emireyts” stadionuna toplaşanları coşdurdu.
Mançesterin digər təmsilçisinin – “Yunayted”in halına da ağlayan lazımdı. Bu komanda premyer-liqada keçirdiyi son 6 ev oyununun beşində uduzub. Daha dəqiqi, 5-ci məğlubiyyətin səbəbkarı “Kristal Pelas” oldu. Oyuna yaxşı başlayan mankunianlar ilk dəqiqələrdə bir neçə təhlükəli vəziyyət yaratdı. Maynu topu Hendersonun qoruduğu qapının dirəyinə vurdu. Ancaq londonlular buna bir neçə kəskin əks-hücumla cavab verdi. Onlar bir neçə dəfə hesabı açmağa yaxın oldu. 2-ci hissənin əvvəlində də MY rəqibdən daha maraqlı oyun göstərdi. Henderson komandasını bir neçə dəfə xilas etdi.
Saatın tamamında, nəhayət, hesab açıldı. Londonlular cərimə zərbəsindən maksimum fayda götürdü. Lakruanın zərbəsi tirdən döndü, ancaq Mateta özünü topa hamıdan tez yetirdi. Tezliklə “qırmızı şeytanlar” daha bir böyük məyusluq yaşadı. Ağır zədə alan Martines meydanı xərəkdə tərk etdi. Bu hadisə də MY-nin futbolçularını psixoloji cəhətdən “sındırdı”.
Amorimin komandası oyunun son bölümündə rəqib qapısını ciddi təzyiq altında saxlaya bilmədi. Portuqaliyalı mütəxəssisin əvəzetmələri hücumu gücləndirmədi. Əvəzində qonaqlar sona yaxın rəqibi əks-hücumda yaxalayıb fərqi artırdı. Dubl edən Mateta yekun hesabı müəyyənləşdirdi. Qlasnerin komandası bu qələbə sayəsində MY-ni turnir cədvəlində arxada qoydu. 13 ev oyununda 7 məğlubiyyət mankunianlar üçün 1893/94 mövsümündən bəri ən pis göstəricidi. Belə getsə, onlar cari mövsümdə hələ bir çox antirekordu yeniləyəcək.
Turun qalan oyunlarına gəlincə, son 4 oyunda uduzan “Tottenhem” arzuolunmaz seriyanı “Brentford”la səfər oyununda qırdı. Ötən tur “Bornmut”a 0:5 uduzan “Nottingem Forest” bütün acığını “Brayton”dan çıxdı – 7:0! Vud bu oyunda het-trik etdi. “Fulhem” “Nyukasl”la səfər oyununda əzmkar qələbə qazandı. “Everton” ardıcıl 3-cü qələbəsini “Lester”lə oyunda qazandı – “göylər” rəqibi darmadağın etdi. Daha bir oyunda autsayderlər – “İpsviç”lə “Sauthempton” qarşılaşdı. “Müqəddəslər” qələbə qazansa da, hələ də xal hesabını ikirəqəmli həddə çatdırmayıb. Autsayderlər sırasında olan “Vulverhempton” “Aston Villa”nı iki cavabsız qolla məğlub etdi. Turun dünən axşam keçirilən son oyununda “Çelsi” əzmkar qələbə qazandı.
24-cü tur
Bornmut – Liverpul 0:2
Salah, 30-p.; 75. (11239)
Liverpul: Alisson, Aleksander-Arnold (Bredli, 70), Konate, Van Diyk, Robertson, Qravenberx, Makallister (Cons, 61), Salah (Endo, 88), Soboslai, Qakpo (Nunyes, 70), Dias.
Arsenal Mançester Siti 5:1
Edeqor, 2. Parti, 56. Lüis-Skelli, 62. Haverts, 76. Nvaneri, 90+3 Holann, 55. (60355)
Arsenal: Rayya, Timber, Saliba, Qabriel, Lüis-Skelli (Kalafyori, 90), Edeqor (Merino, 84), Parti, Rays, Martinelli, Haverts (Sterlinq, 90), Trossar (Nvaneri, 84).
MS: Orteqa, Nunyeş, Stounz, Akanci, Qvardiol, B.Silva, Kovaçiç, Foden (Makeyti, 72), Marmuş (De Bruyne, 72), Savinyo, Holann.
Mançester Yunayted – Kristal Pelas 0:2
Mateta, 64; 89. (73751)
MY: Onana, Yoro, Maquayr, Martines (De Liqt, 82), Mazraui (Zirkzee, 70), Uqarte (Eriksen, 87), Maynu (Heylunn, 70), Dalot, Dyallo, Qarnaço, Fernandeş.
Brentford – Tottenhem 0:2
Yanelt, 29-öz qapısına. Sarr, 87. (17154)
Tottenhem: Kinski, Porro, Qrey, Devis, Spens, Bissuma (Sarr, 68), Bentankur, Kulusevski, Son Hın Min, Mur (Berqvall, 46), Rişarlison (Skarlett, 79).
Nottingem Forest – Brayton 7:0
Dank, 12-öz qapısına. Gibbs-Uayt, 25. Vud, 32; 64; 70-p. Uilyams, 90. J.Silva, 90+1. (30164)
Everton – Lester 4:0
Dukure, 1. Betu, 6; 45+2. Ndiay, 90. (39376)
İpsviç – Sauthempton 1:2
Delap, 31 – Aribo, 21. Onuaçu, 88. (29902)
Nyukasl – Fulhem 1:2
Merfi, 37 – Ximenes, 61. Muniz, 83. (52173)
Vulverhempton – Aston Villa 2:0
Belqard, 12. Kunya, 90+7. (31385)
Çelsi – Vest Hem 2:1
Neto, 64. Van-Bissaka, 74-öz qapısına – Bouen, 42.
1. Liverpul 23 17 5 1 56-21 56
2. Arsenal 24 14 8 2 49-22 50
3. Nottingem F. 24 14 5 5 40-27 47
4. Çelsi 24 12 7 5 47-31 43
5. Mançester S. 24 12 5 7 48-35 41
6. Nyukasl 24 12 5 7 42-29 41
7. Bornmut 24 11 7 6 41-28 40
8. Aston Villa 24 10 7 7 34-37 37
9. Fulhem 24 9 9 6 36-32 36
10. Brayton 24 8 10 6 35-38 34
11. Brentford 24 9 4 11 42-42 31
12. Kristal Pelas 24 7 9 8 28-30 30
13. Mançester Y. 24 8 5 11 28-34 29
14. Tottenhem 24 8 3 13 48-37 27
15. Vest Hem 24 7 6 11 29-46 27
16. Everton 23 6 8 9 23-28 26
17. Vulverhempton 24 5 4 15 34-52 19
18. Lester 24 4 5 15 25-53 17
19. İpsviç 24 3 7 14 22-49 16
20. Sauthempton 24 2 3 19 18-54 9
Bombardirlər: Salah (Liverpul) - 21, Holann (MS) – 19, İsak (Nyukasl), Vud (Nottingem Forest) - 17, Palmer (Çelsi), Mbemo (Brentford) – 14.
Növbəti turun oyunları fevralın 14-16-sı aralığında keçiriləcək: Brayton – Çelsi, Lester – Arsenal, Aston Villa – İpsviç, Fulhem - Nottingem Forest, Mançester Siti – Nyukasl, Sauthempton – Bornmut, Vest Hem – Brentford, Kristal Pelas – Everton, Liverpul – Vulverhempton, Tottenhem – Mançester Yunayted.
Turun rəqəmi
5 – Salah karyerasında 5-ci dəfə premyer-liqada 20 və daha artıq qol vurdu. Yalnız Alan Şirer (7), Serxio Aquero (6) və Harri Heyn (6) bunu misirlidən daha çox bacarıb. Cari mövsümdə 21 dəfə fərqlənən Salah premyer-liqadakı qol sayını 178-ə çatdırmaqla Frenk Lempardı (177) arxada qoydu və bombardirlər siyahısında 6-cı pilləyə yüksəldi. 5-ci yerdə qərarlaşan Aqueronun hesabında 184 qol var.
Turun ulduzu
Mayls Lüis-Skelli (Arsenal) – “topçular”ın heyətində bir neçə futbolçu fərqləndi. Ancaq üstünlüyü Lüis-Skelliyə verdik. Yeniyetmə yarımmüdafiəçi həm müdafiədə inamlı təsir bağışladı, həm də irəli atılaraq gözəl qol vurdu.
Turun sitatı
Con Stounz, MS-nin müdafiəçisi: