“Bura tez-tez gəlirəm, bakılıyam axı”
Azərbaycanla Gürcüstanın 20 yaşa qədər olan futbolçulardan ibarət yığmalarının yoldaşlıq görüşündə ölkə futbolsevərlərinə kifayət qədər tanış sima vardı. Bu, rəqibin məşqçilər heyətində yer alan, dəqiq desək, qapıçılarla işləyən mütəxəssis Georgi Lomaya idi. Oyundan əvvəl və sonra yığmamızın baş məşqçisi Rəşad Sadıqovu bağrına basan Lomaya 90 dəqiqənin tamamında gülərüz görünürdü. Qarşılaşma başa çatandan sonra vaxtilə “İnter”də məşqçisi olmuş Cəmaləddin Əliyevlə söhbətləşən Georgi azərbaycanlı jurnalistləri görüncə, bizə tərəf yaxınlaşdı. Bir-bir əl sıxıb görüşdü və ünvanladığımız sualları cavabladı.
- Yenidən Azərbaycandasız. Yəqin ki, xüsusi hisslərdi.
- Əlbəttə. Sizləri görməkdən məmnunam. Burda 7 gözəl mövsüm keçirmişəm. Ona görə də həmişə deyirəm ki, Azərbaycan mənim ikinci vətənimdi. Keçmiş tanışlarımla, indiyə qədər əlaqə saxladığım dostlarla görüşmək imkanım oldu.
- Oyun haqda fikirlərinizi eşitmək maraqlı olardı.
- Fikrimcə, çətin, eyni zamanda maraqlı oyun alındı. Bərabərsəviyyəli mübarizəyə şahidlik etdiyimizi düşünürəm. Azərbaycan yığmasında Rəşad Sadıqovun “əli” görünür. Sanki “Qarabağ”ın üslubunda oynamağa çalışırdılar. Top saxlamaları, sürətli hücumlar qurmaları xoşuma gəldi. Xüsusilə ilk hissədə yığmanız inamlı təsir bağışladı. Hətta bir neçə dəfə hesabı aça bilərdilər. Fasilədən sonra isə təşəbbüs bizim tərəfimizə keçdi. Fikrimcə, əvəzetmələr özünü doğrultdu və yekunda qələbə qazandıq.
- Yekun nəticə oyuna görə oldu?
- Dediyim kimi, bərabərsəviyyəli oyun idi. Sadəcə, bəxtimiz gətirdi və qalib gəldik. İnsaf naminə sizinkilərin də xeyli qol şansının olduğunu deməliyəm.
- Oyunboyu içinizdə qalib gəlməklə maliyyə baxımından ölkənizdən qat-qat üstün olan azərbaycanlılara Gürcüstanda futbolun burdakından üstün olduğunu sübut etmək kimi xüsusi istək vardı?
- Pul var, ya yox – fərq etməz. Meydana çıxırsansa, qələbə haqda düşünməlisən. Bu hər yerdə belədi. Bura gələndə daha çox dostlarımı görəcəyim üçün sevinirdim. Qələbə qazanmışıqsa, sevinirik. Lakin bu yalnız yoldaşlıq oyunu idi.
- “İnter”dən ayrılandan sonra Bakıya ilk səfərinizdi?
- Xeyr, bir neçə dəfə gəlmişəm. Düzünü desəm, tez-tez gəlirəm. Bakılıyam axı (gülür).
- “10 nömrə” Vato Arveladze məşhur Arveladze qardaşlarının qohumudu?
- Revaz Arveladzenin oğludu.
- Azərbaycanda gürcü futbolçuların sayı azalıb. Pulun azalması ilə bağlıdı?
- İlk növbədə klubların özləri bunda maraqlı olmalıdı. Hazırda Gürcüstanda da belədi. Daha çox gənclərə şans verilir.
- Sizə elə gəlmir ki, əvvəlki nəsillərin davamçıları yetişmir?
- Bizdə həmişə istedadlar olub. Gürcüstanda uşaq yaşlarından hamı futbolla nəfəs alır. Baxırsan ki, uşaqlıqda hamı oynayır, “qab”ında nəsə var. Sadəcə, böyüdükcə öz üzərində daha çox işləməli, “artırmalısan”. Güclü çempionatlara gedəndə böyük futbolçu kimi yetişməlisən.
- Azərbaycan futbolu ilə maraqlanırsız?
- Əlbəttə. Bu gün oxudum ki, “Keşlə”yə avrokubok lisenziyası verilib. Sevindirici haldı. Kubokun finalında oynayacaqlar. İndidən keçmiş komandama uğurlar arzulayıram. Ola bilsin, Qəbələdəki oyuna baxmağa gəldim. “Keşlə”yə azarkeşlik edəcəm.
- “İnter”in adının “Keşlə”yə çevrilməsinə münasibətiniz necədi?
- Düzdü, mən “İnter”də oynamışam. Buna baxmayaraq, “Keşlə” mənə doğmadı. Fürsətdən istifadə edib Cəmaləddin Əliyevə təşəkkür edirəm. 7 ildə həm qapıçı kimi yetişməyimdə, həm də məşqçiliyin sirlərini öyrənməyimdə onun mənə çox köməyi dəydi.
- Hazırda “Keşlə”nin əsas qapısıçı Kamran Ağayevdi...
- Kamranla “İnter”də çiyin-çiyinə oynamışıq, yaxşı münasibətimiz var. Ona uğurlar arzulayıram. Həmçinin uzun müddət birgə oynadığım Səlahət Ağayevə. Təəssüf ki, vaxt az oldu, hamı ilə görüşə bilmədim. Fürsətdən istifadə edib Millətlər Liqasında çıxış edəcək yığmanıza uğurlar arzulayıram. Azərbaycan xalqına salamlarımı çatdırıram.
HƏBİB