Sizin reklam burada

U-20 uduzdu, Rəşad Sadıqov özündən çıxdı

Baxış Sayı:789

U-20 uduzdu, Rəşad Sadıqov özündən çıxdı
18 dəqiqəlik gecikmə, azarkeşlərə lazım olmayan yğma və Georgi Lomaya...
Bir neçə gündü Bakıda hazırlıq keçən U-20 dünən Rəşad Sadıqovun rəhbərliyi altında ilk yoldaşlıq görüşünə çıxdı. Oyunun axarı haqda az sonra. Gürcülərlə görüşün əvvəlində, gedişində və sonrasında maraqlı məqamlar vardı ki, öncə onları nəzərinizə çatdıraq.
“Dalğa Arena”da keçirilən və rəqib gecikdiyinə görə 18 dəqiqə gec başlayan oyunu yerli hakimlər briqadası – Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli və Vüqar Həsənli təyinat almışdı. Yığmaların mətbuat katibi Elman Himayətoğlu jurnalistlərin rahatlığı, yəni siz oxucuların vaxtında və geniş məlumatlar alması üçün AFFA-nın qələm əhlinə maşın ayırmasına nail olmuşdu. Lakin oyuna azarkeş marağı yox dərəcəsində idi. Stadionda pərakəndə şəkildə təxminən 100-ə yaxın tamaşaçı vardı ki, çoxu futbol ailəsinin üzvləri idi. AFFA rəsmiləri, yığmanın baş məşqçisi Qurban Qurbanov, köməkçiləri Elçin Rəhmanovla Çudomir Çakarov, MOİK-in baş məşqçisi Azər Bağırov, növbəti mövsüm “Sabah”ı çalışdıracaq Elşad Əhmədov, “Keşlə”də qapıçılarla işləyən məşqçi Cəmaləddin Əliyev, agent Erkin İbrahimov, “Slaviya”da legioner həyatı yaşayan Rövlan Muradov və başqaları. Gürcülərin məşqçi korpusunda bizə yaxşı tanış olan şəxs yer almışdı. Bu, 7 il “İnter”in şərəfini qorumuş Georgi Lomaya idi. Oyun başa çatandan sonra Lomayanın Rəşad Sadıqovla dostcasına görüşüb, qucaqlaşması xoş mənzərə kimi yadda qaldı.
Oyun gəlincə, qol vurduğumuz ana, yəni 66-cı dəqiqəyə qədər yığma heç də pis təsir bağışlamırdı. Hələ ilk yarıda iki yüzfaizlik imkanı boşa verən gənclərimiz fasilədən sonra istəyinə çatdı. Rəqibi əks-hücumda tutan Sadıqovun yetirmələri dəqiq ötürmələrlə gürcülərin cərimə meydançasına daxil oldu ki, Ziya Əzizov son nöqtəni qoymaqda çətinlik çəkmədi. Bundan sonra hər iki baş məşqçi çoxlu əvəzetməyə əl atdı. Və bu əvəzetmələr rəqibin işinə yaradı. 79-cu dəqiqədə qapıçı Kamran İbrahimovun ötürmə səhvindən sonra qonaqlar hesabı bərabərləşdirdi. Bizimkilər özünə gəlməmiş, başqa cür desək, 84-cü dəqiqədə qapısında növbəti qolu gördü. Cinahdan qapı qarşısına havalandırılan topa gürcü futbolçu başla dəqiq toxunub matçda son nöqtəni qoydu. Yeri gəlmişkən, Rəşad Sadıqov hər iki qoldan sonra özündən çıxdı. İlk vəziyyətdə əynindəki gödəkçəni çıxarıb skamyaya atdısa, ikincidə əlindəki su qabını yerə çırpdı.
Qeyd edək ki, U-20 yaxınlarda daha iki yoldaşlıq matçı keçirəcək. Mayın 24-ü və 27-dəki rəqib Makedoniyadı.
HƏBİB

Oxşar xəbərlər
[not-category]
SON XƏBƏRLƏR