Lider “Qalatasaray”ın oynamadığı tura cümə günü Antepdə start verildi. Ötən tur azlıqda “Trabzonspor”u yenməklə diqqəti çəkən “Göztəpə” yenə hesabına 3 xal yazmağa yaxın idi.
Amma Stonimir Stoylovun komandası 77-ci dəqiqəyə öndə daxil olduğu matçdan heç 1 xalla da ayrıla bilmədi.
Şənbə gününün ilk oyununda “Sivasspor” da “Çaykur Rizəspor” üzərində əzmkar qələbə qazandı. Sonuncu pillədəki “Adana Dəmirspor” bu turu da qələbəsiz başa vurdu. Amma Kayseri səfərində qazanılan 1 xalı komandanın hesabına yazmaq olar. Günün və turun əsas sürprizi “Tüpraş Stadionu”nda qeydə alındı. Ötən tur derbidə uduzmaqla “Qalatasaray”dan 8 xal geri düşən “Beşiktaş” ilk baxışdan fərqi azaltmaq üçün yaxşı fürsət yaxalamışdı. Çünki komanda öz meydanında ortabab “Kasımpaşa“nı qəbul edirdi. “Qara qartal” Muçinin ilk yarının sonlarına təsadüf edən qolu ilə fasiləyə öndə yollandı. Amma ikinci hissədə matçın ssenarisi 180 dərəcə dəyişdi. Bərabərlik qolundan sonra cəsur oynamağa başlayan qonaqlar qalan vaxtda daha 2 qol vuraraq yerli fanatları şoka saldılar.
Xatırladaq ki, “Kasımpaşa” 7-ci turda “Qalatasaray”la səfər oyununda da 0:3-dən sonra kiçik bir möcüzə reallaşdırmış və matçı 3:3-ə gətirmişdi. Beləcə ilk 8 oyunda uduzmayan “Beşiktaş” ardıcıl 2-ci məğlubiyyətlə barışmalı oldu. “Kasımpaşa” tarixində ilk dəfə mövsümün ilk 5 səfər oyunundan məğlubiyyətsiz ayrıldı (3 qələbə, 2 heç-heçə). “Beşiktaş”ın isə İstanbul təmsilçilərinə qarşı keçirdiyi son 7 oyunda 21 mümkün xaldan yalnız 4-nü qazanması diqqət çəkir (1 qələbə, 1 heç-heçə, 5 məğlubiyyət).
Bazar günü daha 4 oyun keçirildi. Ardıcıl 3 məğlubiyyətdən sonra debütant “Bodrum”la qolsuz bərabərliyə razı olan “Alanyaspor”da baş məşqçi Fatih Təkkə istefa verdi. O, bu mövsüm superliqada istefaya göndərilən 7-ci məşqçi oldu. 47 yaşlı mütəxəssis bu vəzifəyə 1 il öncə - ötən il noyabrın əvvəllərində gətirilmişdi. “Alanyaspor” onun başçılığı altında keçirdiyi 40 rəsmi oyundan 12 qələbə, 16 heç-heçə, 12 məğlubiyyətlə ayrılmış oldu. “İstanbul BŞ-nin qara günləri davam edir. Konyada iki qol vurmasına rəğmən, xala həsrət qalan Çağdaş Atanın komandasının rəsmi matçlarda qələbəsiz seriyası 6 oyuna yüksəldi! Tarixində ilk dəfə elitada oynayan “Eyüpspor” növbəti qələbəsini qazandı. Arda Turanın komandası bu dəfə “Hatayspor”dan güclü oldu. Düşmə zonasından heç cür çıxa bilməyən Hatay təmsilçisi təcrübəli Rza Çalımbayın rəhbərliyi altında keçirdiyi 6-cı superliqa oyununda da qələbəyə həsrət qaldı.
Bu tur bütün diqqətlər Trabzona yönəlmişdi. Bu şəhərə Joze Mourinyonun “Fənərbaxça”sı təşrif buyurmuşdu. Ötən mövsüm bu komandalar arasında Trabzondakı oyundan sonra, bilindiyi kimi, qiyamət qopmuşdu. Ona görə də bu dəfə təhlükəsizlik tədbirləri maksimum səviyyədə idi. Güclü azarkeş dəstəyi ilə oyuna yaxşı başlayan “Trabzonspor” 38-ci dəqiqədə Okay Yokuşlunun baş zərbəsi ilə hesabı açsa da, hakim top tora daxil olmamış fitini səsləndirdi. Mərt Müldürün özünü yerə atması onu çaşdırdı. Beləcə trabzonluların təmiz qolu qeydə alınmadı və 26 yaşlı təcrübəsiz hakim Oğuzhan Çakır özünü itirərək oyunun “ipini” əlindən buraxdı. Ötən mövsüm Trabzonda iki qol vuran Fred bu dəfə də fasilə ərəfəsində fərqlənməklə “Fənər”i önə keçirdi. Amma 2-ci hissənin ortalarında “Trabzonspor” qısa müddət ərzində VAR-ın müdaxiləsi ilə iki penalti qazandı. Maraqlıdı ki, hər iki epizodda oyun 7 dəqiqədən çox dayandı.
Ümumiyyətlə, bu qarşılaşma əlavə dəqiqələrlə birlikdə 108 dəqiqə davam etdiyi halda, topun oyunda qalma müddəti cəmi 40 (!!!) dəqiqəyə bərabər oldu. Hər iki penaltidə Banza Livakoviçi məğlub etdi. “Qalatasaray”ın oynamadığı həftədə bu nəticə ilə barışmaq istəməyən “Fənərbaxça” bütün komanda ilə irəli atılaraq bərabərliyi çox tez təmin etdi. İrfan Canın ötürməsindən sonra Ceko arxa dirəkdə topu boş qapıya göndərdi. Matçın ən qalmaqallı, hətta biabırçı anı 83-cü dəqiqəyə təsadüf etdi. Künc zərbəsi zamanı Banza açıq-aşkar əlini yuxarı qaldıraraq topa toxunsa da, nədənsə bu dəfə VAR-ın müdaxilə etməyə cürəti çatmadı.
Buna baxmayaraq, hücumlarını davam etdirən “Fənər” əsas vaxta əlavə olunan 12-ci dəqiqədə Amrabatın vurduğu qolla mövsümün ən yaddaqalan qələbələrindən birini qazandı. Bu qoldan sonra Mourinyo özünə nəzarəti itirərək emosional şəkildə meydana qaçdı! “Beşiktaş”dan fərqli “sarı-lacivərdlilər” xal fərqini 5-ə endirməyə müvəffəq oldular. Komanda superliqada səfərdəki məğlubiyyətsizlik seriyasını 25 oyuna çatdırmaqla şəxsi rekordunu bir qədər də yaxşılaşdırdı. Ardıcıl 2-ci dəfə evdə bu hesabla “Fənər”ə uduzan “Trabzonspor” isə mövsümün ilk 10 oyununu cəmi 2 qələbə ilə tamamlayaraq bu baxımdan tarixinin ən pis startını reallaşdırmış oldu.
11-ci tur
Trabzonspor - Fənərbaxça 2:3
Banza, 59-p.; 67-p. – Fred, 42. Ceko, 75. Amrabat, 90+12.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Mendi, Densvil, Ərən Elmalı (Barışiç, 89), Lundstram, Okay Yokuşlu, Ozan Tufan (Cihan Çanak, 89), Visça (Çam, 90+10), Nvakaeme (Enis Destan, 89), Banza.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel (Kostiç, 65), Çağlar Söyüncü, Ciku (Bekao, 60), Mərt Müldür, Fred (İsmayıl Yüksək, 85), Amrabat, Tadiç, Şimanski (Ceko, 65), Sen-Maksimen (İrfan Can Kahveci, 65), Ən-Nəsiri.
Beşiktaş – Kasımpaşa 1:3
Muçi, 45+3 – Vink, 54. Aytac Kara, 70. Fall, 88.
Beşiktaş: Mərt Günok, Onur Bulut, Uduoxai, Əmirhan Topçu (Salih Uçan, 80), Masuaku, Ndur (Can Keleş, 80), Fernandeş, Muçi (Mario, 68), Rafa Silva, Semih Kılıçsoy, İmmobile (Mustafa Həkimoğlu, 46).
Konyaspor – İstanbul BŞ 3:2
Ndao, 32; 50; 73 – Opoku, 45+2. Pyontek, 90+3.
İstanbul BŞ: Muhammed Şengezər, Ömər Əli Şahinər, Duarte, Opoku, Kemen (Lima, 78), Krespo (Calo, 71), Onur Ərgün (Berat Özdəmir, 61), Dəniz Türüc, Fiqeyredo (Pelkas, 61), Sərdar Gürlər (Davidson, 78), Pyontek.
Eyüpspor – Hatayspor 2:0
Tiam, 11; 60.
Qaziantep - Göztəpə 2:1
Lunqoyi, 77. Soresku, 82-p. – Ahmet İldiz, 64.
Sivasspor – Çaykur Rizəspor 2:1
Sundberq, 49; 61 – Vareşanoviç, 8.
Samsunspor – Antalyaspor 2:0
Holse, 45. Dimata, 49.
Kayserispor – Adana Dəmirspor 0:0
Bodrum – Alanyaspor 0:0
1. Qalatasaray 10 9 1 0 29-9 28
2. Samsunspor 11 8 1 2 22-10 25
3. Fənərbaxça 10 7 2 1 23-9 23
4. Beşiktaş 10 6 2 2 19-10 20
5. Eyüpspor 11 5 4 2 17-11 19
6. Sivasspor 11 5 2 4 17-16 17
7. Göztəpə 10 4 3 3 17-13 15
8. İstanbul BŞ 10 4 3 3 17-14 15
9. Kasımpaşa 11 3 5 3 15-17 14
10. Konyaspor 11 4 2 5 14-18 14
11. Trabzonspor 10 2 6 2 11-11 12
12. Qaziantep 10 3 3 4 14-15 12
13. Bodrum 11 3 2 6 8-13 11
14. Antalyaspor 11 3 2 6 12-22 11
15. Alanyaspor 11 2 4 5 9-14 10
16. Çaykur Rizəspor 10 3 1 6 7-18 10
17. Kayserispor 10 1 6 3 9-15 9
18. Hatayspor 10 0 3 7 7-17 3
19. Adana Dəmirspor 10 0 2 8 9-24 2
Bombardirlər: İmmobile (Beşiktaş) – 8, Ceko (Fənərbaxça) – 7, Banza (Trabzonspor), Pyontek (İstanbul BŞ), Tiam (Eyüpspor) – 6.
Növbəti turun oyunları noyabrın 8-10-u aralığında keçiriləcək: Adana Dəmirspor – Eyüpspor, Antalyaspor – Bodrum, Çaykur Rizəspor – Trabzonspor, Fənərbaxça – Sivasspor, Qalatasaray – Samsunspor, Göztəpə - Konyaspor, Hatayspor – Qaziantep, İstanbul BŞ – Beşiktaş, Kasımpaşa – Kayserispor.
Turun rəqəmi
4 – Sami Uğurlu bu gedişlə “Beşiktaş” fanatlarının qorxulu yuxusuna çevriləcək. 46 yaşlı mütəxəssis superliqada “Qartal”a qarşı ardıcıl 4-cü qələbəni bayram etdi və turnirin tarixində bunu bacaran ilk məşqçi oldu! Özü də o, bu qələbələrin hamısını ortabab “Kasımpaşa”nın başında əldə edib. Ötən mövsüm də onun “Kasımpaşa”sı İstanbul nəhəngini hər iki oyunda (evdə 2:1, səfərdə 3:1) yenmişdi. Daha bir qələbəni isə “Kasımpaşa” onun ilk dönəmində, yəni 2021/22-nin 2-ci dövrəsində yenə də səfərdə (3:0) əldə etmişdi. Başqa sözlə desək, bu məşqçi ilə “Kasımpaşa” səfərdə hər dəfə “Beşiktaş”a ən azı 3 qol vurur!
Turun ulduzu
Alassan Ndao (Konyaspor) – heç vaxt qeyri-adi məhsuldarlıq göstərməyən seneqallı vinger bu tur coşdu. O, “İstanbul BŞ” kimi güclü rəqiblə oyunda het-trik etdi. Bu, 27 yaşlı futbolçunun peşəkar karyerasında ilk het-trik oldu. Türkiyədə daha öncə “Fatih Karagümrük”, “Antalyaspor” və “İstanbulspor”un şərəfini qorumuş Ndao son 3 mövsümün hər birində 3-dən artıq qol vurmadığı halda, bu mövsüm artıq indidən hesabında 4 top var.
Turun sitatı
Edin Ceko, “Fənərbaxça”nın kapitanı: