“Fənərbaxça”nın oynamadığı tura cümə günü Rizədə start verildi.
Son 5 oyunda xala həsrət qalan “Çaykur Rizəspor” “Antalyaspor”u yenməklə uğursuz seriyaya son qoydu.
Şənbə günü keçirilən oyunlarda bərabərliklər diqqət çəkdi. “Kasımpaşa” evdə oynamasına baxmayaraq, bütün ikinci hissəni azlıqda keçirən debütant “Bodrum”un qapısına yol tapa bilmədi. “Sivasspor” İzmirdə matçın gedişində iki topluq fərqi aradan qaldırsa da, son anlarda daha bir qol buraxaraq məğlub oldu.
Ötən tur Burak Yılmazla yollarını ayıran və Sinan Kaloğlu ilə anlaşan “Kayserispor” yeni məşqçinin debüt oyununda heç də pis təsir bağışlamadı. Düzdü, komanda qələbə həsrətinə son qoya bilmədi. Amma “İstanbul BŞ” səfərində qazanılmış 1 xalı kayserililərin hesabına yazmaq olar. Türkiyə çempionatı tarixində ən çox oyun keçirən iki məşqçinin – Rza Çalımbayla Şenol Günəşin komandalarının duelində isə qalib müəyyənləşmədi. “Trabzonspor” heç-heçə xəstəliyindən qurtula bilmir. Komanda 7-ci oyunda 6-cı dəfə bərabərliyə razı oldu. Trabzon təmsilçisi tarixində ilk dəfə mövsümün ilk 4 səfər matçının hamısından 1 xalla ayrılmış oldu. 7 oyuna 9 xal “Trabzonspor”un 3 xallıq sistemdəki ən uğursuz başlanğıcıdı! Komanda hətta 14-cu pillədə başa vurduğu 2001/02 mövsümündə belə ilk 7 oyuna 10 xal toplamışdı. Qaradənizlilərin “Hatayspor”u ardıcıl 4-cü mövsüm səfərdə yenə bilmədiyini də vurğulayaq.
Bazar gününün oyunlarına gəlincə, debütant “Eyüpspor” Konyada 72-ci dəqiqəyə öndə daxil olsa da, sonda heç 1 xal da qazana bilmədi. “Adana Dəmirspor” üçün kabus dolu günlər davam edir. Adana təmsilçisi “Samsunspor”la ev oyununda erkən qolla hesabı açsa da, sonda yenə məğlubiyyətlə barışmalı oldu. 8-ci turu sonuncu pillədə və cəmi 1 xalla tamamlayan “Adana Dəmirspor”da başqan Murat Sancak yazılı açıqlama ilə istefa verdiyini açıqladı. Onun yerinə bu vəzifəni Bədirhan Durak icra edəcək. Sancak ötən mövsümün ikinci dövrəsində də eyni addımı atmış və başqanlığı bir müddət Mətin Korkmaza həvalə etmişdi. “Samsunspor” isə bu qələbə ilə xalını 18-ə çatdıraraq yığma fasiləsinə 2-ci pillədə yollandı. Son iki rəsmi oyunda qələbələri əldən verməklə diqqəti çəkən “Qalatasaray” bu dəfə eyni səhvi təkrarlamadı.
Maraqlıdı ki, “Kasımpaşa” ilə oyunda 3, RFŞ ilə oyunda 2 qol qələbəyə kifayət etməmişdisə, bu dəfə 1 qol 3 xal üçün kifayət etdi. Amma komanda heç də gözə xoşagələn futbol sərgiləmədi. Zədədən qayıdandan sonra əvvəlki formasını bərpa etməkdə çətinlik çəkən İkardi növbəti dəfə zəif təsir bağışladı. Argentinalı forvard meydanda olduğu 81 dəqiqə ərzində qapıya bir zərbə də vurmadı. Rəqibin cərimə meydançasında topa yalnız 3 dəfə toxuna bilən İkardi bir dəfə də qol fürsəti yaxalamadı. 8-ci turu 22 xalla tamamlayan “Qalatasaray” ən yaxşı nəticəsini təkrarladı. Komanda daha öncə 2023/24, 2017/18, 2005/06, 2001/02 və 1987/88 mövsümlərində 8 tura 22 xal toplamışdı.
Avropadan fərqli superliqada yoluna məğlubiyyətsiz davam edən “Beşiktaş” Antep sindromuna son qoymaq və yığma fasiləsinə yüksək əhval-ruhiyyədə yollanmaq istəyirdi. Məsələ burasındadı ki, “Qartal” buna qədər heç vaxt çempionat çərçivəsində səfərdə “Qaziantep”i yenə bilməmişdi. Komanda həm də 7-ci oyundan sonra xalını 19-a çatdırmaqla şəxsi rekordunu təkrarlaya bilərdi. İstanbul nəhəngi rəqibindən heç də üstün təsir bağışlamamasına rəğmən, ilk yarını öndə tamamladı. Van Bronkhorstun komandası yarım saatın tamamında VAR-ın müdaxiləsi ilə penalti qazandı. İmmobile “Ayntraxt”la oyundakı səhvini təkrarlamadı və bu dəfə penaltini inamlı şəkildə yerinə yetirdi. Çox keçmədən Muçinin zərbəsi tirə tuş gəldi. Yeri gəlmişkən, Van Bronkhorstun yenə Semih Kılıçsoyu ehtiyatda saxlayaraq sol vinger mövqeyində albaniyalı Muçiyə şans verməsi diqqəti çəkdi. Semih, umumiyyətlə, bütün oyunu ehtiyat oyunçular skamyasında keçirdi və niderlandlı məşqçinin bu qərarı fanatlar arasında müzakirələrə səbəb oldu. “Beşiktaş” 2-ci hissənin ortalarından etibarən geri çəkilərək nəticəni qorumağa can atdı. Amma son saniyələrdə “Beşiktaş”ın sabiq oyunçusu Maksim komandanı 3 xaldan məhrum etdi. Beləliklə, “ağ-qaralar” bu mövsüm ikinci dəfə xal itkisi ilə üzləşdi. “Beşiktaş” həm də “Qaziantep”ə qarşı səfərdə keçirdiyi 6-cı superliqa matçında da qələbəyə həsrət qaldı (3 heç-heçə, 3 məğlubiyyət).
8-ci tur
Qalatasaray – Alanyaspor 1:0
Yunus Akgün, 28.
Qalatasaray: Muslera, Kaan Ayhan (Metehan Baltacı, 90+5), Sançes, Əbdülkərim Bardakcı, Yakobs, Torreyra, Sara, Yunus Akgün (Kərəm Dəmirbay, 81), Mertens (Şallai, 85), Barış Alpər Yılmaz (Yelert, 90+5), İkardi (Batşuayi, 81).
Qaziantep – Beşiktaş 1:1
Maksim, 90+5 – İmmobile, 31-p.
Beşiktaş: Mərt Günok, Svensson, Paulista (Əmirhan Topçu, 21), Uduoxay, Masuaku, Fernandeş, Ndur, Rafa Silva (Zaynutdinov, 86), Mario (Raşitsa, 67), Muçi (Tayyib Sanuc, 87), İmmobile (Mustafa Həkimoğlu, 67).
Hatayspor – Trabzonspor 1:1
Görkəm Sağlam, 14 – Banza, 48.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Sərdar Saatçı (Əli Şahin Yılmaz, 85), Mendi, Ərən Elmalı, Okay Yokuşlu (Çam, 46), Lundstram, Bardi (Umut Günəş, 73), Visça (Orşiç, 73), Draquş, Banza.
İstanbul BŞ – Kayserispor 1:1
Pyontek, 53 – Mane, 32.
İstanbul BŞ: Muhammed Şengezər, Kemen, Opoku, Həmzə Gürələr, Lima, Berat Özdəmir (Onur Ərgün, 46), Berkay Özcan (Calo, 82), Pelkas (Fiqeyredo, 68), Dəniz Türüc (Ömər Bəyaz, 88), Davidson (Sərdar Gürlər, 46), Pyontek.
Göztəpə - Sivasspor 3:2
Romulo, 6. Sole, 10. Fofana, 90+4 – Uğur Çiftçi, 55. Meniq, 57.
Adana Dəmirspor – Samsunspor 1:3
Yusuf Barasi, 7-p. – Muya, 58. Dimata, 90+3. Sonər Aydoğdu, 90+10.
Konyaspor – Eyüpspor 2:1
Yusuf Ərdoğan, 72. Aleksiç, 90+2 – Ahmed Kutucu, 65.
Çaykur Rizəspor – Antalyaspor 2:1
Yureçka, 38. Alikulov, 44 – Qayç, 87.
Kasımpaşa – Bodrum 0:0
1. Qalatasaray 8 7 1 0 24-8 22
2. Samsunspor 8 6 0 2 14-7 18
3. Beşiktaş 7 5 2 0 15-5 17
4. Fənərbaxça 7 5 1 1 16-5 16
5. İstanbul BŞ 7 4 2 1 14-9 14
6. Göztəpə 7 3 3 1 14-9 12
7. Eyüpspor 8 3 3 2 13-10 12
8. Konyaspor 8 3 2 3 10-11 11
9. Bodrum 8 3 1 4 8-10 10
10. Trabzonspor 7 1 6 0 7-6 9
11. Alanyaspor 8 2 3 3 7-10 9
12. Kasımpaşa 8 1 5 2 9-11 8
13. Sivasspor 8 2 2 4 8-11 8
14. Antalyaspor 8 2 2 4 10-16 8
15. Çaykur Rizəspor 8 2 1 5 5-16 7
16. Qaziantep 7 1 2 4 7-11 5
17. Kayserispor 7 0 4 3 6-13 4
18. Hatayspor 7 0 3 4 5-11 3
19. Adana Dəmirspor 8 0 1 7 7-20 1
Bombardirlər: İmmobile (Beşiktaş) – 7, Ceko (Fənərbaxça), Pyontek, Fiqeyredo (hər ikisi “İstanbul BŞ”) – 5.
Növbəti turun oyunları oktyabrın 19-21-i aralığında keçiriləcək: Alanyaspor – Kasımpaşa, Antalyaspor – Qalatasaray, Beşiktaş – Konyaspor, Bodrum – Çaykur Rizəspor, Eyüpspor - Göztəpə, Kayserispor – Qaziantep, Samsunspor - Fənərbaxça, Sivasspor – Hatayspor, Trabzonspor – İstanbul BŞ.
Turun rəqəmi
7 – “Beşiktaş”ın nəticələri mövsümün əvvəli ilə müqayisədə bir qədər zəifləsə də, İmmobile məhsuldar oyun sərgiləməkdə davam edir. Bir neçə il öncə “Qızıl buts” mükafatını qazanmış italiyalı qoleador Türkiyə çempionatında keçirdiyi ilk 7 oyunda 7 dəfə fərqlənməyi bacarıb. O, son 7 ildə bunu bacaran ilk futbolçudu. Sonuncu dəfə bunu 2017-ci ildə “Göztəpə”nin heyətində Adis Yahoviç bacarmışdı. Şimali makdeniyalı forvard həmin vaxt növbəti iki oyunda da məhsuldarlığını davam etdirərək ilk 9 turu hətta 11 qolla tamamlamışdı. 34 yaşlı İmmobilenin indiyə qədər “Beşiktaş”da 12 rəsmi oyunda 11 dəfə fərqləndiyini bildirək.
Turun ulduzu
Yunus Akgün (Qalatasaray) – heç bir futbolçunun dubl etmədiyi turda üstünlüyü Yunusa veririk. Son oyunlarda “Qalatasaray”ın heyətində ən fəal futbolçu olan Akgün bu tur vurduğu vacib qolla komandasını növbəti xal itkisindən xilas etdi. “Cim-Bom”un yetirməsi olan və 2023/24-ü icarə əsasında “Lester”də keçirən 24 yaşlı vinger bu mövsüm artıq rəsmi oyunlarda 4 qol vurub. Bu da o deməkdi ki, Yunus indidən “Qalatasaray”dakı ən yaxşı göstəricisini təkrarlayıb. O 2018/19-da da 4 top vurmuşdu. Düzdü, həmin vaxt bu qolların hamısı ölkə kubokuna təsadüf etmişdi.
Turun sitatı
Nihat Kahveci, futbol şərhçisi: