Rodri “Qızıl top”u qazandı, “Real” tədbiri boykot etdi

29.10.2024 01:52 322
Dünya futbolu
Bir neçə dəqiqə əvvəl Parisdəki Şatle teatrında ənənəvi “Qızıl top” mükafatı yeni sahibinə təqdim olundu. Əlbəttə, başqa nominasiyalar üzrə də qaliblər seçildi.

“Barselona”nın forvardı Lamin Yamal 2023/24 mövsümü üçün Kopa Trofini aldı. Bu mükafat 21 yaşa qədər olan oyunçulardan ən yaxşısına verilir. 17 yaşlı ispaniyalı mükafat uğrunda mübarizədə Arda Güləri (Real) və Kobbi Maynunu (MY) qabaqladı.

“Barselona”nın qadınlardan ibarət komandası dünyanın ən güclü qadın klubu sayıldı. Kataloniyalı xanımlar 2023/24 mövsümündə Çempionlar Liqasını, İspaniya çempionluğunu, kubokunu və Superkubokunu qazanıb.

“Real” isə 2023/24 mövsümünün ən yaxşı komandası sayıldı. Madrud klubu bu nominasiyada “Borussiya” (Dortmund), “Jirona”, “Bayer-04” və “Mançester Siti”ni qabaqladı.

“Bavariya”nın hücumçusu Harri Keyn ilə “Real”ın forvardı Kilian Mbappe 2023/24 mövsümünün ən məhsuldar oyunçuları kimi Herd Müllerin adını daşıyan mükafata sahib çıxdı. Həm britaniyalı, həm də fransalı ötən mövsüm klub səviyyəsində 44 qol vurub. Mbappe bunu 48, Keyn isə 45 oyunda bacarıb. Futbolçuların hər biri mövsüm ərzində bütün turnirlərdə 52 dəfə fərqlənib.

Dünyanın ən yaxşı qapıçısı üçün nəzərdə tutulan Yaşin mükafatı ardıcıl 2-ci dəfə argentinalı Emiliano Martinesə (Aston Villa) təqdim olundu. Ən yaxşı kişi məşqçi üçün ayrılan mükafatın qalibi “Real”ı çalışdıran Karlo Ançelotti, ən yaxşı qadın məşqçi üçün mükafatın qalibi isə ABŞ-nin qadınlardan ibarət yığmasını çalışdıran Emma Heyzdi.

“Barselona”dan Aytana Bonmati dünyanın ən yaxşı qadın futbolçu elan olunandan sonra gecənin əsas sualına cavab tapıldı. Beləliklə, MS-nin ispaniyalı yarımmüdafiəçisi Rodri “Qızıl top”un yeni sahibidi! 2-ci yeri Vinisius, 3-cü yeri isə Cud Bellingem tutdu. Onu da vurğulayaq ki, “Qızıl top”un Vinisiusa verilməməsi ilə barışmayan “Real”ın təmsilçiləri dünənki mərasimə qatılmadılar.

Mükafatın təşkilatçıları UEFA və “France Football” nəşridi. Qalibləri müəyyənləşdirmək üçün sorğuya FİFA reytinqində ilk “100-lük”də qərarlaşan ölkələri təmsil edən jurnalistlər qatılır.