Futbol üzrə ölkə çempionatının 1-ci liqasında 6-cı tura Qəbələ şəhər stadionunda yekun vuruldu.
Turun son matçında “İmişli”ni qəbul edən “Qəbələ” qolsuz bərabərliklə kifayətləndi. 6 turdan sonra 14 xala malik “Qəbələ” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Sxadadzenin yetirmələri lider “Karvan”dan 4 xal geri qalır.
“Qəbələ”nin müdafiəçisi Elvin Yunuszadə son oyunla bağlı belə dedi:
“İmişi” ilə oyunun çətin keçəcəyini bilirdik. Çalışırdıq ki, baş məşqçinin tapşırıqlarını meydanda yerinə yetirək. Düşünürəm ki, bu oyunda bizdə çatışmayan tək şey şanssızlıqdı. Çünki qol vəziyyətlərindən yararlana bilmədik. Xal itkisi bizim üçün də xoş deyil. Hər bir xal bizim üçün çempionluq yolunda qızıla bərabərdi. Növbəti oyunlarda xal fərqini aradan qaldırmağa çalışacağıq. “İmişi” ümumilikdə yaxşı formalaşmış komandadı. Mən orda olanda müdafiə xəttində 4 futbolçu qərarlaşırdı. İndi isə sistem dəyişib, 5 müdafiəçi ilə qorunurlar. İstər-istəməz oyun da fərqli üslubda gedirdi”.
ƏSƏD SEYİDOV