"Hakimlərə suallar verilməlidi və onlar qərarlarını izah etməlidi" - Tovuz və Şamaxıda ədalət qətliamı...

26.10.2024 10:00 968
Aktual / Ölkə futbolu
Misli premyer-liqasının 10-cu turunun oyunlarında verilən hakim qərarları müzakirələrə səbəb oldu. Söhbət "Qarabağ"ın səfərdə darmadağın etdiyi "Kəpəz"in (5:0) sayılmayan qolundan və evdə "Araz-Naxçıvan"a uduzan "Şamaxı"nın (0:1) penalti tələb etdiyi epizoddan gedir.

Əvvəl Gəncə təmsilçisinin açıq-aşkar haqqı yeyilən anlardan bəhs edək. 75-ci dəqiqədə Aleksey İsayev Almeydanın (Pananın) "çərçivə"yə daxil etdiyi topu qapının içindən çıxardı. Şamaxı təmsilçisiylə bağlı durum isə konkret deyil. Ona görə ki, Mikelsin cərimə meydançası daxilində ötürmə verərkən topun Ribeyronun əlinə dəyib-dəymədiyi bilinmir. Biz bunu dəqiqləşdirmək məqsədilə "Araz-Naxçıvan"ın futbolçusuna müraciət etsək də, ağzını bıçaq açmadı. Ölkəmizə təşrif buyurandan bəri media nümayəndələrin suallarını cavablamaq istəməyən Ribeyro bu dəfə də ənənəsinə sadiq qaldı.
Hakimlər Komitəsinin sədri Frank de Blekere də Ayxan Abbasovun məlum çağırışını cavabsız qoyub.

"Football-plus.az" qeyd olunanlar haqda mütəxəssis fikrinə ehtiyac duyduğundan sabiq FİFA referisi Fariz Yusifova müraciət etdi. Onun cavabı:

"Kəpəz"in sayılmayan qoluyla bağlı suallar çoxdu. Köməkçi hakimin mövqeyi çox yaxşıdı və hər şey gözünün qabağında baş verdi. O, qapı xəttiylə paralel yerdə dayanmışdı. "Qarabağ"ın futbolçusunun ayaqla topu çıxardığı anda çətin də olsa, hiss olunur ki, top qapını keçib. VAR niyə müdaxilə etmədi? Burda əsas məsuliyyət köməkçi hakimin üzərindədi. "Şamaxı"nın oyunundakı epizodda da VAR-a baxılmalıydı. Top "Araz-Naxçıvan"ın futbolçusunun əlinə dəyir və oyunçunun əli qeyri-təbii vəziyyətdə idi. Əminliklə deyirəm ki, bir çox ölkələrdə, xüsusilə İtaliya və Türkiyə çempionatlarında belə epizodlara görə dərhal penalti verilir. Bu barədə hakimlərə suallar verilməlidi və onlar qərarlarını izah etməlidi".

KƏNAN BAHADIR