“Baku Sportinq Arena” niyə sıradan çıxdı? – “meydanda gölməçələr əmələ gəlib”

25.10.2024 19:18 409
Aktual / Ölkə futbolu
Qulaq gündə bir söz eşitməsə, kar olar. Elə futbolumuzda da gündə bir problem ortaya çıxmasa, təəccüblənərik.

Bu dəfə “Baku Sportinq” təbiətin qəzəbinə tuş gəlib. Daha doğrusu, paytaxtda yağan güclü yağışlar komandanın ev oyunlarını keçirdiyi “Baku Sportinq Arena”nın ot örtüyünün yararsız vəziyyətə düşməsinə səbəb olub. Belədə klubun müraciəti, “Qaradağ Lökbatan”ın razılığı, PFL-in yekun qərarıyla 1-ci və 2-ci dövrənin oyunlarının yeri dəyişdirilib. Yəni 6-cı turun oyunu Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilib.

Problemin konkret olaraq nədən ibarət olduğu və nə vaxt həll ediləcəyi haqda ətraflı məlumat almaq məqsədilə “Baku Sportinq”in mətbuat xidmətinin rəhbəri Araz Əhmədova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Təəssüf ki, ardıcıl iki gün yağan yağışlardan sonra stadionun təbii ot örtüyü yararsız hala düşdü. Meydanda gölməçələr əmələ gəlib. PFL-in nümayəndələrinin baxışından sonra qərar verildi ki, oyunların yeri dəyişdirilsin. Buna görə həm “Qaradağ Lökbatan”a, həm də quruma təşəkkür edirik. Oyun burda keçirilsə, futbolçuların zədələnmək ehtimalı yüksək olacaqdı. Təxminən 4-5 gün ərzində problem aradan qaldırılacaq”.


KƏNAN BAHADIR