“MY-yə qarşı oynayarkən, heç olmasa, iki-üç real qol şansı yaratmağı bacardıq, sadəcə...” – Aslan Kərimov

20.10.2026 19:15 162
Avrokuboklar / Manşet
“Sabah” bu gün Çempionlar Liqasının liqa mərhələsində Almaniya nəhəngi “Borussiya” ilə qarşılaşacaq. Rəqibin ad-sanına, təcrübəsinə baxmayaraq, Valdas Dambrauskasın komandası evdə sürprizə imza atmağa çalışacaq. Rəqibin heyətində itkilər olduğunu xəbər vermişdik. Həmçinin 68700 yerlik stadionda “Sabah”ın böyük azarkeş dəstəyi altında oynayacağı da şübhə doğurmur.

Bəs “Sabah”ın bu oyunda başqa hansı üstünlükləri var, “bayquşlar” nələrin hesabına uğur qazana bilər?

“Football-plus.az” bu suallara cavab tapmaq üçün Aslan Kərimova müraciət edib:

“Çətin oyuna çıxırıq. “Borussiya” artıq "Mançester Yunayted" səviyyəsində olan rəqibdi. Müqayisə etsək, "Slaviya" bizə bir qədər yaxın rəqib idi, Dortmund təmsilçisi isə daha kəskin oynamağı bacaran, yəni nisbətən daha güclüdü. İngiltərədə “Mançester Yunayted”ə qarşı oynayarkən, heç olmasa, iki-üç real qol şansı yaratmağı bacardıq, sadəcə, bunları reallaşdıra bilmədik. Düşünürəm ki, bu baxımdan daha ciddi fikirləşməli olacağıq, çünki bu səviyyəli oyunlarda qol şanslarını qaçırmaq lüksümüz yoxdu. Belə oyunlarda qol imkanlarını qaçırırsansa, rəqib bunu bağışlamır.

Ona görə də düşünürəm ki, “Sabah”ın üstün tərəfi cinahlarda və mərkəzdə - hücumameylli mövqedə oynayan oyunçularıdı. İstənilən halda Kahim Parris özünü ən yaxşı tərəfdən göstərdi, Coy-Lens Mikels də bunu çox yaxşı edə bilir. Velko Simiç universal oyunçudu, həmişə hücuma fokuslanır. Düşünürəm ki, “Sabah” ən üstün tərəflərini bu oyunda da göstərə bilər. Standart vəziyyətlərdən də yararlanmaq lazımdı”.


İSRAYIL XEYRULLAYEV