''Brentford''un gənc türkiyəli üzvü daha çox şans qazanacağına inanır

24.10.2024 19:38 349
Dünya futbolu
Karyerasını İngiltərədə davam etdirən Yunus Əmrə Konak Türkiyə mətbuatına açıqlamalar verib.

Qeyd edək ki, istedadlı futbolçu doğma klubu ''Sivasspor''da ötən mövsümün ilk dövrəsində sərgilədiyi oyunla diqqət çəkmişdi. Bu ilin yanvarın 11-də, yəni 18 yaşı tamam olduqdan bir gün sonra o, 4,5 milyon avroya premyer-liqa təmsilçisi ''Brentford''a transfer olunmuşdu. Amma onun İngiltərə karyerası çox şanssız bir zədə ilə başladı və Yunus yeni klubunda ilk rəsmi oyununa yalnız avqustda liqa kuboku çərçivəsində çıxdı.

İndiyə qədər o, ''Brentford''da cəmi 5 rəsmi oyunda ümumilikdə 45 dəqiqə oynamaq şansı qazanıb. Dayaq yarımmüdafiəçisi mövqeyində oynayan gənc futbolçu bunları deyib:

''Artıq adaptasiyanı və zədə dönəmini geridə qoymuşam. İndi hər şey qaydasındadı. Baş məşqçi ilə də münasibətlərim yaxşıdı. Yavaş-yavaş məni oynatmağa başlayıb. Tədricən daha çox şans qazanacağımı düşünürəm. Özümə güvənirəm və məşqlərdə əlimdən gələni edirəm. İngiltərədə özümü rahat hiss edirəm. Fanatlar da özüməinamımı artırır. Çünki məni sevirlər. Mən də onları sevirəm. İnşallah çox uğurlu karyera quracağıma inanıram''.

ƏLİ