Amit Quluzadə: “Birbaşa mən dəvət etmişəm, amma klub da nə lazımdısa, edib”

18.10.2024 11:34 398
Aktual / Ölkə futbolu
Azərbaycan millisinin sabiq üzvü Araz Abdullayev karyerasını birinci liqada davam etdirəcək.

O, "Qaradağ Lökbatan"la  mövsümün sonuna qədər razılığa gəlib. Artıq Abdullayev birinci liqa klubu ilə məşqlərə start verib. Vaxtilə ölkənin ən istedadlı futbolçularından sayılan birinin belə addım atması bəzilərində təəccüb doğurdu. 32 yaşlı yarımmüdafiəçi yayda “Zirə”dən ayrılandan sonra klubsuz qalmışdı. O, daha əvvəl “Neftçi”, "Everton" (İngiltərə), "Panionios" (Yunanıstan), "Qəbələ", "Anortosis" (Cənubi Kipr), "Qarabağ", "Boluspor" (Türkiyə), "Etnikos" (Cənubi Kipr), "Sumqayıt", "Lapi" (Kosovo) kimi klubların formasını geyib.

Bəs necə oldu ki, Abdullayev premyer-liqadan sonra birinci liqa klubunu seçdi?

Yaxınlarda “Qaradağ Lökbatan”ın baş məşqçisi təyin edilən Amit Quluzadə qəzetimizə verdiyi açıqlamada transfer haqda bunları söylədi:

“Arazın transferində birbaşa mən rol oynadım. Onunla əlaqə saxlayıb təklifimi etdim. Kluba da məlumat verdim ki, belə planım var. Birbaşa mən dəvət etmişəm, amma klub da bunun alınması üçün nə lazımdısa, edib. Araz uşaqlıq dostumdu, bir yerdə böyümüşük. Hazırda klubsuz olduğu üçün belə qərar verdi. Əslində Araza başqa təkliflər də var idi, sağ olsun, bizi yaxin bilib, buranı seçdi. Həm məni, həm də klubun fəxri prezidenti Sadıq Sadıqovu dinləyib təklifimizi qəbul etdi. Bilirsiz ki, birlikdə "Neftçi"də olmuşuq. Yəni çox sevinirəm ki, Abdullayev bizim komandaya gəldi. Bir neçə gündü komanda ilə birgə məşqlərə də qoşulur. Yəqin ki, növbəti oyunda meydana çıxacaq”.

RÖYANƏ OĞUZ