“Mançester Siti”nin idman direktoru Çiki Beqiristaynın vəzifəsindən ayrılması baş məşqçi Pep Qvardiolanın taleyini sual altına sala bilər.
“Football-plus.az” xəbər verir ki, bu iddia ilə “The Guardian” çıxış edib. Nəşr funksionerin cari mövsümün sonunda klubla vidalaşacağını yazıb:
“Beqiristayn 2012-ci ilin oktyabrından “Mançester Siti”də çalışır. Lakin onun vəzifəsini tərk edəcəyi gözlənilir. O, 2010-cu ilə qədər, daha doğrusu, 7 il “Barselona”da çalışıb. Elə Qvardiola da 2008-10-cu illərdə Kataloniya təmsilçisinin baş məşqçisi idi. Sonra iki dost “Mançester Siti”də birləşdi. Onlar klubun inkişaf etməsi üçün gecə-gündüz çalışıb. Hər ikisi səhər saatlarından bazaya gəlirdilər, naharı birlikdə edirdilər. İndi yolun sonu yaxınlaşır. Qvardiolanın 9 illik müqaviləsinin müddəti gələn il bitəcək. Amma yeni anlaşmanın olub-olmayacağı haqda məlumat yoxdu. Baş məşqçinin seçimini qışda edəcəyi gözlənilir. Yəqin ki, Beqiristaynın vəzifəsindən ayrılması vacib qərara təsirsiz ötüşməyəcək”.
Nəşr Qvardiolanın bu mövzuda açıqlamasını da dərc edib:
“Bu barədə indidən nə deyə bilərəm? “Mançester Siti”yə gəldiyim gündən aşiq olmuşam. Görək, hadisələrin axarı bizi hara aparacaq?”