Sinner – Kalinskaya: deyirlər ki, toy olacaq...

12.10.2024 23:57 252
İdman
Dünyanın bir nömrəli raketkası, italiyalı Yannik Sinner rusiyalı tennisçi Anna Kalinskayaya evlənmək təklifi edib.

Bu xəbəri oktyabrın 5-də İtaliyanın “Corriere dello Sport” nəşri yayıb. Adı çəkilən qaynaq iddia edir ki, 25 yaşlı rusiyalı idmançı Nyu-Yorkda keçirilən məclisdə təklif alıb və razılıq verib. Sinnerlə Kalinskaya arasındakı münasibətlər bu ilin mayında publikaya bəlli olub. Tennisçilər mövsüm boyunca dəfələrlə bir-birinin oyununa baş çəkib.

Maraqlıdı ki, evliliklə bağlı xəbər yayılandan bir gün sonra tennisçilər təkzib açıqlaması ilə çıxış edib. Kalinskaya sosial şəbəkə hesabında bu sözləri yazıb:

“Təbriklərə görə hamıya “sağ olun” deyirəm. Falstart”.

Elə Sinner də oxşar açıqlama verib:

“Düzünü desəm, bu, mənim üçün də yeni xəbər oldu (gülür). Yox, mən heç bir evlilik təklifi etməmişəm, belə hadisə baş verməyib”.

23 yaşlı italiyalı indiyə qədər “Böyük dəbilqə” seriyalı iki turnirin (bu il keçirilən Avstraliya və ABŞ Açıq Çempionatının) qalibi olub. Ümumiyyətlə, ATP çərçivəsində 17 (16-sı fərdi yarışda) titulu var. Kalinskaya isə karyerası ərzində cütlərin yarışında üç WTA turnirinin qalibi olub.