27 yaşlı futbolçu Almaniya ilə Türkiyə arasında seçim edərək üstünlüyü türklərə verib. Amma bu futbolçunun yığmaya dəvət alması yeni bir problemə yol açıb. Ötən həftəsonu İstanbulda yarım saat fasilə ilə iki tükürpədici cinayət hadisəsi baş vermişdi. Psixoloji problemləri olduğu iddia edilən Cihan Çelik adlı şəxs günün günorta çağı 19 yaşlı iki xanımı qanına qəltan etmişdi. O xanımlardan birinin boğazını kəsmiş digərinin isə bədənini hissələrə parçalamışdı. Bunun ardından həmin şəxs özü də intihar etmişdi. Bu hadisə Türkiyədə böyük ajiotaj doğurmuşdu.
İdman klubları da #kadınavecocuğadokunma paylaşımı ilə hadisəyə etiraz etmişdilər. Türkiyə Futbol Federasiyası da prosesdən kənar qalmayaraq eyni heşteqli paylaşım etdi. Amma bu paylaşım federasiyanın başında çartladı. Sən demə Atakan Karazor 2 il öncə qadına təcavüz mövzusunda böyük bir qalmaqalın iştirakçısı olubmuş! 2022-ci ilin yayında bu futbolçu dostları ilə İbitsa adasında tətildə olarkən 18 yaşlı xanıma təcavüz edibmiş. Xanımın şikayətindən sonra Karazor İspaniya polisi tərəfindən tutulmuş və hətta bir neçə günü həbsdə keçirməli olmuşdu. Yalnız 50 min avro məbləğində girovdan sonra azadlığa buraxılmışdı. O vaxt bu mövzu Türkiyə mətbuatında da yazılmış və Atakan iddiaları rədd etmişdi. İndi isə türkiyəli futbolsevərlər Karazorun yığmadan qovulmasını tələb edir.
Onlar qadına şiddəti qınayan federasiyanın özünün yığma komandaya qadına şiddət göstərən futbolçu dəvət etdiyini qeyd ediblər. Sosial şəbəkələrdə bu mövzu sürətlə yayıldıqdan sonra federasiyanın yığma komandaya cavabdeh yönəticisi Ceyhun Kazancı məsələ ilə bağlı açıqlama verməli oldu. O, futbolçunun günahsız olduğuna inandıqlarını vurğuladı:
''Biz şiddətin hər növünə qarşıyıq. Atakanın məsələsi 2022-dən bu yana davam edir. Bir şeyi unutmayaq ki, cəza sübut olunmayana qədər hər kəs günahsızdı. Biz də Atakan qardaşımızın günahsız olduğuna inanırıq. ''Ştutqart''da göstərdiyi performansla kapitanlığa qədər yüksəldi. Almaniya yığması da onu heyətə cəlb etmək istəyirdi. Düzdü, onun məhkəməsi bir qədər uzandı. Proses hələ də davam edir. Vəkillərindən bəzi məlumatlar almışıq. Başına gələnləri sadəcə şanssızlıq adlandırmaq olar. Ona sahib çıxmalı və dəstək verməliyik. Allah qorusun, günahı sübuta yetirilsə, zatən bunun cəzasını çəkəcək. Amma dediyim kimi biz onun günahsız olduğuna inanırıq''.
ƏLİ


