“Mən hələ də onlarla dostam” – Kantariya “Kəpəz”lə oyundan danışdı

27.09.2024 13:09 270
Aktual / Ölkə futbolu
Ötən həftə “Şamaxı”nın səfərdə “Kəpəz”i 2:0 məğlub etdiyi matçda Georgi Kantariyanın davranışı sosial şəbəkələrdə gündəml oldu.

“Şirlər”in gürcü futbolçusu rəqibin qapısına qol vurandan sonra sevinmədi. Əksinə, bir vaxtlar şərəfini qoruduğu “Kəpəz”in gəncəli azarkeşlərindən üzrxahlıq etdi. Bunun qarşılığında azarkeşlər Kantariya əvəzlənib meydanı tərk edəndə onu ayaqüstə alqışladılar. Təbii ki, bu hadisəyə reaksiyalar fərqli oldu.

Bəs Kantariyanı “Kəpəz”ə bağlayan nədir? Gürcü futbolçunun “Football-plus.az”a söylədikləri:

“Qol vurmağı bacardığım üçün şadam. Amma başa düşdüm ki, qol vursam, bayram etməyəcəyəm, çünki məni dəstəkləyən bu azarkeşlərə hörmətim var. Əlbəttə, bu fanatlarla çox gözəl xatirələrim var. Mən hələ də onlarla dostam, ünsiyyətdəyəm və sevgiləri, məni dəstəklədikləri üçün onlara minnətdaram”.

RÖYANƏ OĞUZ