1-ci liqanın debütantları – “Baku Sportinq”lə “Cəbrayıl” yeni mövsümə yaxşı başlayıb. Bəs bu klublar 1-ci və 2-ci liqa arasında hansısa səviyyə fərqini görürmü? Bu sualı “Baku Sportinq”in və “Cəbrayıl”ın baş məşqçisinə ünvanladıq.
Elman Sultanov (Baku Sportinq):
“Əlbəttə, iki liqa arasında səviyyə fərqi hiss olunan dərəcədədi. 1-ci liqadakı komandalar sürətli futbol oynayır, futbolçular da səviyyəcə seçilir. Məsələ ondadı ki, 2-ci liqa yarıpeşəkar liqadı. Futbolçular həftədə bir-iki dəfə məşq edirlərsə, 1-ci liqada artıq hər gün məşqə çıxırıq. Ötən mövsüm yalnız səfərdə “Sheki City”ə məğlub olmuşduq. “Ağdaş”la oyundakı texniki məğlubiyyətdi və protokol səhvindən oldu. Yəni bir dəfə meydanı başıaşağı tərk etmişik. Amma 1-ci liqada ötənilki uğuru təkrarlamaq çətin olacaq. Düşünürəm ki, 2-ci liqadan 1-ci liqaya keçmək irəliyə doğru atılan addımdı. Burda debutant olsaq da, hədəf yüksək yerlər uğrunda mübarizə aparmaqdı".
Elhad Nəziri (Cəbrayıl):
“Bu iki arasında çox böyük fərq var. İstər maliyyə, istərsə də peşəkarlıq baxımından. 2-ci liqada böyük çətinliklər var. Orda iştirak edən komandaların meydançası, maliyyə durumu yaxşı deyil. Demək olar ki, 1-ci liqada vəziyyət belə deyil. Federasiya 300 min büdcə ayırır. Bu məbləğ kifayət etməsə də, 2-ci liqa ilə maddi cəhətdən çox böyük fərq var. 1-ci liqa tam peşəkar sayıldığına görə aradakı fərqi görmək mümkündü. Demək olar ki, bütün komandalar çempionluq uğrunda mübarizə aparır. Yerli futbolçu qıtlığı var. İstəyirəm ki, elitada işləyən məşqçilər bizim liqadakı futbolçulara inansınlar və onlara güvənsinlər. Bizi qarşıda çox maraqlı bir çempionat gözləyir”.
ƏSƏD SEYİDOV