Misli premyer-liqasının 4-cü turunda “Qarabağ” evdə “Turan Tovuz”a məğlub oldu – 0:1.
Ağdamlıların yeni qapıçısı Mateuş Koxalski debüt oyunundan sonra “Football-plus.az”ın suallarını cavablayıb.
- “Qarabağda debüt etdin, amma komanda məğlub oldu. Oyun barədə fikirlərin?
– Mən komandanın potensialını bilirəm. Biz bu gün tam oyunumuzu göstərə bilmədik. Həm də səhvlərə yol verdik. İnanıram ki, növbəti oyunlarda belə səhvlərə yol verməyəcəyik.
– “Qarabağ”ı seçməyində nə əsas rol oynadı?
– “Qarabağ” böyük, tanınmış klubdu. Avrokuboklarda oynayan komandadı və Avropada öz sözünu deyib. Çempionlar Liqasında iştirak etmək uşaqlıq arzumdu. Ona görə də seçimimi “Qarabağ”dan yana etdim.
– Bir neçə qapıçı var və mübarizə olacaq. Əsas heyətdə qısa zamanda özünə yer tapmağı bacaracaqsan?
– Əlimdən gələn hər şeyi edəcəm ki, əsas heyətdə şans qazanım, 1 nömrəli qapıçı olum. Bu, mənim üçün çox vacibdi.
– Komandaya yeni qoşulmusan, bəs “Dinamo”ya məğlubiyyət barədə nə deyərdin?
– Komandaya qoşulmazdan əvvəl “Ludaqorets”lə oyunu izləmişdim. Bilirəm ki, komamdanın çox qol vurmaq potensialı var. İlk oyunu yada salsaq, xeyli təhlükəli vəziyyət yaratdıq. Təəssüf ki, bu şanslardan yararlana bilmədik. İnanıram ki, Bakıdakı oyunda lazım olan qolları vura biləcəyik.
– “Qarabağ” “Dinamo”nu “Tofiq Bəhramov”da qəbul edir ki, orda da 30 min azarkeş olacaq. Ordakı atmosferdə, start heyətində şans qazansan, hazırsanmı?
– Sözsüz, mən hazıram. Polşada 20-30 min azarkeş önündə oynamağa öyrəşmişəm. Start heyətində oynasam, bu atmosferə hazıram.
– Bakıya gələrkən uyğunlaşmaqda çətinlik çəkmədin ki?
– Heç bir problem yaşamadım. Hər oyunçu çalışır ki, mənə kömək etsin. Bazada olan hər işçi çalışır ki, dəstək olsun. Bu baxımdan uyğunlaşmağım asan oldu.
– Komanda yoldaşlarından məsləhətlər aldınmı?
- Komandada olduğum ilk gündən ab-hava çox gözəldi. Hər kəs çalışır mənə kömək eləsin. Hamı ilə danışmışam. Özümü burda çox yaxşı hiss edirəm.
– “Qarabağ”ın “Dinamo”ilə cavab matçına özünü hazır hiss edirsənmi?
– Həmişə hazıram.
RÖYANƏ OĞUZ