Xulian Alvaresin ''Mançester Siti''dən ''Atletiko''ya transferi başa çatmaq üzrədi.
Bu keçid madridlilərə ümumilikdə 95 milyon avroya başa gələcək. Bu məbləğin 75 milyon avrosu nəğd ödəniləcək. Artıq ''Siti''nin baş məşqçisi Xosep Qvardiola da argentinalı forvardın ayrılığı ilə barışıb. Ünlü mütəxəssis son açıqlamasında bunları deyib:
''İlk növbədə Xuliana bizə verdiyi faydaya görə təşəkkür edirəm. Son illərdə qazandığımız titullarda onun böyük əməyi oldu. Komandada hər kəs onu sevirdi. Amma yeni bir meydan oxumaya ehtiyac duyduğunu söylədi. ''Atletiko'' top-komandadı. Hər şey qaydasındadı. Ayrılmaq istəyən ayrıla bilər. Heç bir problem yoxdu. Ona uğurlar arzulayıram və ümid edirəm ki, axtardığını tapacaq. Hər kəs nə istədiyinə özü qərar verir. Xulian hiss edir ki, bu dəqiqə bu transferə ehtiyacı var. Ötən mövsüm heç də az oynamadı. Bəzən Holann ilə birlikdə hücumda qərarlaşırdı. Razıyam ki, bəzi oyunlarda az şans qazanırdı. Amma dediyim kimi bir futbolçu bir klubda özünü xoşbəxt hiss etmirsə, onun həmin klubda qalmasının heç bir mənası yoxdu. Alvaresin fikrincə, ''Siti''də onun dönəmi başa çatdı, vəssalam. Yerinə hücumçu alacağıqmı? Əvvəlcə Holannın ardından ikinci hücumçuya ehtiyacımızın olub-olmadığını müəyyənləşdirməliyik. Ətraflı düşünüb qərar verməliyik. Bu, ciddi məsələdi. Çünki təqvimimiz ağırdı. Holannın bu cür təqvimdə hər matçda oynaması mümkün deyil''.
ƏLİ