Həsrətlə gözlədiyimiz 2024/25 mövsümü cümə günü start götürdü.
Komandalar yay fasiləsi zamanı ciddi dəyişikliyə məruz qalıb. Bununla belə, çempionluğa iddialılar sırasında əsasən 4 komandanın – “Qarabağ”, “Zirə”, “Neftçi” və “Sabah”ın adının çəkildiyi də aydındı.
Ötən mövsümə mayın 26-da keçirilən “Araz-Naxçıvan” – “Qarabağ” oyunu ilə yekun vurulmuşdusa, yeni mövsüm də bu komandaların dueliylə start götürdü. ÇL-də “Ludoqorets”lə oyuna hazırlaşan ağdamlılar yenə “qırmızı-ağlar”a aman vermədi. Baxmayaraq ki, Elmar Baxşıyevin komandası fasilədə heyətdə islahat aparın, güclənmək yolunda addımlar atıb. İlk oyunda bütün bunlar görünmədi. Bu başqa məsələ ki, “Qarabağ” kimi rəqiblə oyunda ilk 10 dəqiqədə iki qol buraxırsansa, darmadağına hazır olmalısan.
Şənbə günü hər kəsin diqqəti “Neftçi” – “Turan Tovuz” oyununa, dolayısıyla Qriqorçuk – Berdıyev duelinə yönəlmişdi. Oyuna baxanda tipik Berdıyev sistemini gördük. Hansı ki, əvvəl rəhbərlik etdiyi komandalarda da aşağı-yuxarı eyni sistemlə işləyib. Qriqorçuka gəlincə, sanki futbolçuların fərdi keyfiyyətləri gözləntisindən aşağıdı. Ki, istər müdafiə, istər yarımmüdafiə, istərsə də hücum xəttində bu çatışmazlıq görünürdü. İrəlidə oyunçuların anlaşmaması və bitiriciliyin olmaması gözə çarpdı. Yeni transferlər komandaya uyğunlaşmaq yönündə önəmli yol qət etsə də, xətlərarası əlaqə problemi ötənilki “Neftçi”dən qalmadı. Bir sözlə, 0:0 oyunun axarına uyğun olan nəticədi.
Konfrans Liqasından dərhal çəkilən “Sumqayıt” artıq yerli çempionata köklənib. Amma heyət çatışmazlığı həll olunmazsa, güman ki, “kimyaçılar” bu mövsüm elitada yerini qorumaq üçün oynayacaq. Hələ də sponsor tapa bilməyən “Kəpəz” üzərindəki qələbə Samir Abasovun komandasının gücünü bilmək baxımından meyar deyil. “Kəpəz”in indiki durumu isə ayrıca yazının mövzusudu. Şair demişkən, dünya düzəlmir ki, düzəlmir, baba!
“Sabah” Hayfa “Makkabi”siylə cavab görüşündə hədsiz çox güc sərf etdiyindən “Şamaxı” ilə qarşılaşmada istənilən nəticəni gözləmək olardı. Bu üzdən elitanın debütantı ilə oyundakı məhsuldar heç-heçə anlaşılandı. Masazır təmsilçisi Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə hazırlaşır, buna görə də Krunoslav Renduliçin futbolçularını yormaq istəməməsini anlamaq olar. “Şamaxı” isə sözün əsl mənasında komanda ruhunu ortaya qoymağa bacardı. Artıq Ayxan Abbasovun əl işi görünür.
“Zirə” də Konfrans Liqasında mübarizə aparır, ancaq gücünə qənaət etmək istəmədi. Ümumiyyətlə, Rəşad Sadıqovun tənqidlərdən nəticə çıxardığı, komandasını hücum futboluna köklədiyi görünür. Sanki “Şerif”lə ev oyunundakı acı məğlubiyyət “qartallar”ı silkələyib, dəyişib. “Səbail”ə gəlincə, hələ ki ötən mövsümdən bəri elə bir dəyişiklik yoxdu. Yenə komanda ilk hissədə bərbad, 2-ci hissədə yaxşı performans sərgiləyir. Hər halda, Şahin Diniyev komandasının “özünü tutması” üçün 2 tura ehtiyac olduğunu bildirdi. Belə durumda bizə də gözləmək qalır.
Misli premyer-liqası
1-ci dövrə, 1-ci tur
2 avqust
Araz-Naxçıvan - Qarabağ 1:4
3 avqust
Neftçi – Turan Tovuz 0:0
Sumqayıt – Kəpəz 2:0
4 avqust
Sabah – Şamaxı 2:2
Zirə - Səbail 4:1
Növbəti turun proqramı
9 avqust, 20.00. Qarabağ – Kəpəz
10 avqust, 18.45. Araz-Naxçıvan – Şamaxı
10 avqust, 21.00. Səbail – Neftçi
11 avqust, 18.45. Turan Tovuz – Sumqayıt
11 avqust, 21.00. Sabah – Zirə
KAMAL SƏFƏR