Türkiyə superkubokunun qalibi müəyyənləşdi.
''Atatürk Olimpiya''da keçirilən oyunda ''Beşiktaş'' ''Qalatasaray'' üzərində 5:0 hesablı tarixi qələbə qazandı. Bununla da ''Qartal'' tarixində 10-cu dəfə bu titula sahib çıxdı. Türkiyə superkuboku tarixində ilk dəfə bir komanda 5 qol vurdu və 5 top fərqi ilə qələbə qazandı. Buna qədər ən böyükhesablı qələbə 2022-də qeydə alınmışdı. Həmin vaxt ''Trabzonspor'' ''Sivasspor''u 4 cavabsız qolla yenmişdi.
Maraqlıdı ki, 2024-cü il ərzində superkubok tarixinin ən erkən qolu ilə bağlı rekord iki dəfə yeniləndi. Bu ilin aprelin 7-də Şanlıurfada baş tutan superkuboka məlum olduğu kimi ''Fənərbaxça'' U-19 komandası ilə çıxmış və 2 dəqiqə sonra meydanı tərk etmişdi. Həmin vaxt ''Qalatasaray''lı Mauro İkardi 51-ci saniyədə fərqlənərək rekord müəyyənləşdirmişdi. Amma dünənki oyunda ''Beşiktaş''ın yeni transferi Çiro İmmobile artıq 23-cü saniyədə fərqlənməklə bu rekordu yenilədi. Təcrübəli italiyalı forvard 2 qol vuraraq matçın ən yaxşı oyunçusu seçildi. ''Qalatasaray''ın Okan Burukun dönəmində ilk dəfə 5 qol buraxdığını və 5 top fərqi ilə uduzduğunu da bildirək.
ƏLİ