“Neftçi” Futbol Mərkəzinin yeni təmir olunmuş binası oyunçuların ixtiyarına verilib. Təlim-məşq bazasının açılışında iştirak edən baş icraçı direktor Cenk Sümer “ağ-qaralar”a yeni mövsümdə uğurlar arzulayıb. İdman bazasının yeni təmirdən çıxan yeməkxana, paltardəyişmə və digər otaqları xüsusilə nəzərə çarpır. Bəs baza tam istifadəyə verilibmi? Komandalarla yanaşı, klub idarəçiləri və digər əməkdaşlar da bazada məskunlaşacaqmı?
Bu suallarla klubun media üzrə əlaqələndiricisi Rüstəm Əsfərliyə müraciət etdik:
“Baza hələ tam istifadəyə verilməyib. Hələ ki sadəcə əsas komandamız yararlana bilər. Bilindiyi kimi, bura altımərtəbəli binadı. İndiki halda yalnız birinci mərtəbəsi hazırdı. Burda həm meydanda, həm də zalda məşq etmək, dincəlmək, qidalanmaq və bərpa prosesini keçmək üçün istənilən şərait mövcuddu. İkinci mərtəbədə komanda üzvləri üçün yataqxana tikiləcək ki, artıq layihələndirmə prosesi başa çatıb. Vaxt haqda dəqiq məlumat vermək mümkün olmasa da, qısa müddətdə hazır olacaq. Sonra isə digər mərtəbələr tikiləcək. Orda klub əməkdaşları üçün ofis və başqa obyektlər inşa ediləcək”.
KƏNAN BAHADIR



