"Sabah” sabah Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Makkabi”ni qəbul edəcək.
İlk matçda “bayquşlar”ın Hayfa təmsilçisini darmadağın etməsi bu görüşə azarkeş marağını artıra bilər. Bəs həqiqətən belədimi? Satışa çıxarılan 8000 biletdən nə qədəri satılıb?
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun “Football-plus.az”a verdiyi məlumata görə, indiyə qədər 4883 bilet satılıb. Klub rəsmisindən rəqibin Masazıra gətirəcəyi tərəfdar sayını da öyrəndik. O, “Makkabi”ni 30 azarkeşin dəstəkləyəcəyini dedi.
Qeyd edək ki, oyun sabah saat 20.00-da başlayacaq. O vaxta qədər bütün biletlər satılacaqmı? Bu dəqiq olmasa da, “Sabah”ın səfərdən anşlaqa layiq nəticə ilə qayıtdığı dəqiqdi!
KƏNAN BAHADIR