Bu yay futbolsevərlərin həyatına maraq qatan və böyük həyəcana səhnə olan AÇ-2024 başa çatdı.
İspaniya Avropaya gücünü göstərdisə, bəxtsiz İngiltərə ardıcıl 2-ci finaldan boynubükük ayrıldı. Artıq turnirə yekun vurmağın vaxtıdı. Bu yazıda qəzetimizin versiyasına görə turnirin ən yaxşı “11-liy”in müəyyənləşdirməyə çalışacağıq. 4-3-3 sistemi ilə qurduğumuz heyətdə birdən-birə 6 ispaniyalıya yer verməyimiz kiməsə haqsızlıq kimi görünsə də, reallıq budu ki, İspaniya turnirə damğa vurdu. İngiltərə isə finala yüksəlməsinə baxmayaraq, yaddaqalan heç nə göstərmədi. Bəs siz bu heyətlə razısız?
Qapıçı – Georgi Mamardaşvili (Gürcüstan)
Gürcüstan debütant olmasına baxmayaraq, turnirə yaraşıq qatan komandalardan biri oldu. Gürcülər cəsur futbolla böyük alqış qazandılar. Kvaratsxeliyanı onsuz da Avropa tanıyırdısa, daha iki futbolçu diqqəti çəkməyi bacardı. Bunlar Mikautadze ilə Mamardaşvilidi. Düzdü, “Valensiya”nın qapıçısı da futbol dünyasında az tanınmırdı. Amma Mamardaşvili bu AÇ-də sanki yeni səviyyəyə qalxdı. Elə Avropanın bir çox aparıcı nəşrləri də turnirin ən yaxşı “11-liy”ində qapıya məhz Georgini qoyublar. Qrup mərhələsində bir çox rekordları yeniləyən, Çexiya və Portuqaliyaya qarşı matçların ən yaxşısı seçilən 24 yaşlı əlcək sahibi turnirin ən çox (30) seyv edən qapıçısı oldu. Özü də nəzərə alaq ki, Gürcüstan mübarizəni 1/8 finalda dayandırdı. Yəni Mamardaşvili, məsələn, Simonla Pikforddan daha az oyun keçirdi. Bir çoxlarının fikrincə, bu qapıçı olmasaydı, Gürcüstan bu qədər parlaq çıxış edə bilməzdi. Bu faktla razılaşmamaq çətindi.
Sağ müdafiəçi - Jül Kunde (Fransa)
Didye Deşam əvvəlki turnirlərdən fərqli bu dəfə sağ cinahda yenilik etdi və Pavarın əvəzinə Jül Kundeyə güvəndi. Düzdü, “Barselona”nın üzvü hücumlara qoşulmaq baxımından, məsələn, sol cinahdakı Teo Ernandes qədər effektli deyildi. Amma müdafiə planında Kunde bu turnirdə öz mövqeyində ən yaxşılardan biri, bəlkə də birincisi oldu. O, 1/8 finalda belçikalı Dokyunun, 1/4 finalda portuqaliyalı Leaonun qarşısını əla kəsdi. Yarımfinalda isə ispanlar əsasən təhlükəli hücumları digər cinahdan təşkil edirdilər.
Mərkəz müdafiəçisi – Emerik Lyaport (İspaniya)
Əslində İspaniyanın az qala bütün “11-liy”ini bu siyahıya salmaq olar. İspanlar bu turniri o dərəcədə inamlı keçirdilər. Amma bütün heyəti ispaniyalılardan qurmaq başqalarına münasibətdə bir qədər haqsızlıq olar. Lyaport bu siyahıda Səudiyyə Ərəbistanında oynayan yeganə futbolçudu. “Əl-Nəssr”də Kriştiano Ronaldonun komanda yoldaşı olan təcrübəli futbolçu əslində bu turnirə əsas heyət üzvü kimi gəlməmişdi. Çünki De la Fuentenin müdafiənin mərkəzində Naço ilə Le Normana üstünlük verəcəyi gözlənilirdi. Təsadüfi deyil ki, Xorvatiyaya qarşı ilk oyunda da müdafiə məhz bu cütlüyə həvalə olunmuşdu. Amma 2-ci oyundan etibarən Lyaport müdafiənin dirəyinə çevrildi və sona qədər bütün oyunlarda start heyətində oynadı. Düzdü, “buğalar” heç bir pley-off matçında qapını toxunulmaz saxlaya bilmədilər. Amma Lyaportun arxada sabit və inamlı oyunu ispanların gücünə güc qatdı.
Mərkəz müdafiəçisi – Pepe (Portuqaliya)
Pepe belə desək, uzunömürlülüyün və 41 yaşda fiziki cəhətdən bu qədər güclü olmasının sirləri barədə kitab yazsa, peşəkar idmançılar arasında inanılmaz marağa səbəb olar. Çünki 41 yaşda AÇ-də belə futbol sərgiləmək, sadəcə, nonsensdi. Portuqaliyalı veteran yalnız komandası üçün formal xarakter daşıyan Gürcüstanla oyunu buraxdı. Digər 4 qarşılaşmada onun meydanda olduğu 410 dəqiqə ərzində isə Portuqaliya cəmi 1 qol buraxdı. Turnirboyu hirsli, əzmkar oyunu ilə rəqib hücumçuların qorxulu yuxusuna çevrilən “Real”ın sabiq üzvü sözün əsl mənasında yaşa meydan oxuyur. Bəlkə də Portuqaliyanın oyun tərzi elədi ki, Pepe daim ön plana çıxmağa məcburdu. Amma istənilən halda bu futbolçuya peşəkarlığına və işə yanaşma tərzinə görə böyük alqış düşür.
Sol müdafiəçi - Mark Kukurelya (İspaniya)
Ötən mövsümün sonunda kimsə İspaniyanın bu turnirdə əsas sol müdafiəçisinin Qrimaldo yox, Kukurelya olacağını iddia etsəydi, həmin şəxsə gülərdik. Çünki Qrimaldo “Bayer-04”də parlaq mövsüm keçirdiyi halda, Kukurelya bütövlükdə “Çelsi”nin özü kimi çox qeyri-sabit mövsüm keçirdi. Amma De la Fuente risk edərək üstünlüyü məhz ona verdi və onun bu addımı özünü doğrultdu. “Ümumi ansambl”dan geri qalmayan, həm hücumlara dəstək verən, həm də müdafiədə üzərinə düşəni yaxşı yerinə yetirən 25 yaşlı futbolçu finala da damğa vurmağı bacardı. Çünki Oyarsabalın çempionluğu gətirən qolunda məhsuldar ötürməni məhz Kukurelya verdi.
Yarımüdafiəçi – Rodri (İspaniya)
Son illərdə bu futbolçudan ideal yarımmüdafiəçi tapmaq çətindi. Rodri həm “Mançester Siti”də, həm də İspaniya yığmasında o qədər böyük həcmdə iş görür ki, onları sadalamaqla bitməz. O həm hücumu başlayır, həm tempə nəzarət edir, həm də komanda yoldaşlarının səhvini düzəldir. Hələ üstəlik ən vacib anlarda səhnəyə çıxaraq qol da vurur. Hər məşqçi komandasında belə futbolçunun olmasını istəyər. Düzdü, AÇ-nin finalı 28 yaşlı futbolçu üçün şanssız alındı. Rodri fasilə ərəfəsində Keynin zərbəsinin qarşısını kəsərkən komanda yoldaşı Lyaport ilə toqquşaraq zələndi və fasilədə əvəzləndi. Amma UEFA da onun əməyini layiqincə qiymətləndirərək Rodrini turnirin ən yaxşı futbolçusu seçdi. Bir maraqlı faktı da vurğulayaq ki, Rodri klub və yığma səviyyəsində keçirdiyi son 84 rəsmi oyunun heç birində məğlubiyyət acısı yaşamayıb!
Yarımmüdafiəçi - Dani Olmo (İspaniya)
“Leyptsiq”in üzvü bu turnirin gizli (bəlkə də aşkar) qəhrəmanlarından biri oldu. Maraqlıdı ki, onun yolunu komanda yoldaşının zədələnməsi açdı. Olmo ilk oyunlarda İspaniyanın əsas heyət üzvü sayılmırdı. Amma pley-offdan etibarən onun sanki qanadları açıldı. Əvvəlcə Gürcüstanla görüşdə sonradan meydana çıxaraq qol vuran 26 yaşlı futbolçu almanlarla oyunda zədələnən Pedrinin yerinə oyuna daxil olaraq yenə qol vurdu. Pedrinin zədəsi davam edincə, Olmo yarimfinalda fransızların da qapısına qələbə qolunu vurdu. Nəhayət, finalda o, son anlarda topu başı ilə boş qapıdan çıxarmaqla əsl xilaskara çevrildi. İspaniyanın bu zəfərində Olmonun performansı daim xüsusi xatırlanacaq.
Yarımmüdafiəçi - Camal Musiala (Almaniya)
“Bavariya”nın üzvü bu turnirin ən yaddaqalan və özünü yaxşı tərəfdən göstərən gənc futbolçularından biri oldu. Halbuki o, DÇ-2022-də ümidləri doğrulda bilməmişdi. Musiala özünü Yulian Naqelsmannın sistemində çox rahat hiss edir. O, komanda yoldaşları üçün ən çox (orta hesabla hər oyuna 6) qol fürsəti yaradan futbolçuların ilk “5-liy”inə daxil oldu. Bu, Musialanın universallığı sayəsində mümkün oldu. O, həm oyun qurucusu, həm bitirici, həm rəqiblərin diqqətini yayındıran, həm də boş zonaları dolduran futbolçu kimi diqqəti çəkdi. Hər şey hücumun axarından asılı olur. Virts ilə birlikdə Almaniya futbolunun yeni brilyantı sayılan Musialanın bundan sonrakı karyerasını izləmək maraqlı olacaq.
Sağ vinger - Lamin Yamal (İspaniya)
DÇ-1958 dünya futboluna Peleni bəxş edən turnir kimi yaddaşlarda iz buraxıbsa, DÇ-2024 daim Yamalın ulduzunun parladığı turnir kimi xatırlanacaq. Düzdü, “Barselona”nın vunderkindi qeyri-adi məhsuldarlıq sərgiləmədi. Ümumiyyətlə, bu turnir hücumameyilli futbolçular üçün məhsuldarlıq baxımından, sadəcə, faciəvi alındı. Təsadüfi deyil ki, 6 fərqli futbolçu cəmi 3 (!) qolla bombardir oldu. Yamal heç onların da arasında yer almadı. Amma 17 yaşı yalnız finaldan bir gün öncə tamam olan bu futbolçu yaşına görə, sadəcə, fenomenal futbol sərgilədi. Bizim hər birimiz 16 yaşda məktəbdə normal qiymətlər alıb valideyn qınağına tuş gəlməmək barədə düşünürdüksə, Yamal bu yaşda yarımfinalda Fransanın qapısına yol tapdı! O, turniri 1 qol, 4 məhsuldar ötürmə ilə tamamladı. Halbuki ondan başqa 2-dən artıq məhsuldar ötürmə verən futbolçu olmadı. Pelenin 1958-də müəyyənləşdirdiyi rekordu yeniləyərək nəhəng turnirlərdə qol vuran ən gənc futbolçuya çevrilən Yamal həm də AÇ-ni qazanmış ən gənc futbolçu kimi tarixə düşdü. Onun turnirin ən yaxşı gənc futbolçusu seçilməsi isə heç kimi təəccübləndirmədi.
Sol vinger - Niko Uilyams (İspaniya)
Bəlkə də Niko Yamal qədər gənc olmadığına görə futbol dünyasında və sosial şəbəkələrdə onun qədər müzakirə olunmadı. Amma qeyd-şərtsiz o da bu turnirə damğa vuran futbolçulardan biri oldu. Oyun tərzi, cəldliyi və sürətinə görə Vinisiusu xatırladan “Atletik”in üzvü turnirboyu qarşısındakı müdafiəçilərə çətin anlar yaşatdı. İtaliya ilə oyunda qarşısında Di Lorentso, İngiltərə ilə final matçında isə Uoker kimi təcrübəli isimlərin olmasına baxmayaraq, o, hər iki oyunun ən yaxşı futbolçusu seçildi! Bitiriciliyi də yüksək səviyyədə olan Uilyamsı böyük ehtimalla gələn mövsüm Avropa nəhənglərindən birində izləyəcəyik.
Hücumçu - Kodi Qakpo (Niderland)
Az öncə də qeyd etdik ki, bu turnir hücumçular üçün bərbad alındı. 3-dən çox qol vuran futbolçu olmadı. Mbappe və Kriştiano Ronaldo kimi superulduzlar da özlərini göstərə bilmədilər. Ona görə də biz öz oyunu ilə az-çox fərqlənməyi bacaran Qakpoya üstünlük veririk. Baxmayaraq ki, bu turnirdə o, mərkəzdə yox, əsasən sol cinahda çıxış edirdi. “Liverpul”da o qədər də parlaq mövsüm keçirməyən 25 yaşlı futbolçu AÇ-də 3 qol, 1 məhsuldar ötürmə ilə Niderlandın yarımfinala yüksəlməsində mühüm rol oynadı. Türkiyə ilə oyunda isə Mərt Müldür məhz ona mane olmaq istəyərkən avtoqol müəllifi oldu.