Fatih Kavlak “Neftçi”yə gəlir? - ÖZÜ AÇIQLADI

6.07.2024 13:32 2 240
Ölkə futbolu / Manşet
“Neftçi”nin yeni baş məşqçisi Roman Qriqorçukun köməkçiləri hələ bəlli deyil. Bunlardan birinin Fatih Kavlak olacağı gözlənilir.

50 yaşlı mütəxəssisin namizədliyi heç də təsadüfi deyil. Vaxtilə özündən əvvəl “Qəbələ”də gördüyü işlərə bələd olan Qriqorçuk məhz Kavlakın təcrübəsinə inanır. Bakıdan aldığı təklifə isti yanaşan Kavlak isə artıq “Hatayspor” rəhbərliyinə ayrılmaq istədiyini bildirib. Azərbaycanda, özü də “ağ-qaralar”da işləmək fürsətini əldən vermək istəməyən türkiyəli mütəxəssislə danışıqların davam etdiyi iddia olunur. Bəs o yenidən Azərbaycanda işləyəcəkmi?

Bu haqda bilgi almaq üçün Fatih bəylə əlaqə saxladıq. Onun “Futbol+”ə cavabı isə qəribə oldu:

“Vaxtaşırı transfer xəbərləri yayılır. Mən isə buna şərh bildirməyəcəm. Yalandı desəm, sonra doğru olsa, nə deyəcəm? Yəni elə bir şey baş verəndə rəsmi məlumat veriləcək. Belə xəbərlərə şərh versəm, "Hatayspor”da işimi görə bilmərəm. Transferdi, ola da bilir, olmaya da”.

Qeyd edək ki, Kavlak bu ilin mayında “Hatayspor”a idman direktoru təyin olub. Əvvəllər “Qarabağ”da Qurban Qurbanovun köməkçisi olub, 2013/14 mövsümündə isə “Qəbələ”ni çalışdırıb.

RÖYANƏ OĞUZ