Bilindiyi kimi, “Qarabağ” bu mövsüm 6-cı dəfə “qızıl dubl” etməyi bacardı.
Ağdamlıların bu istəyinin qarşısını yalnız sabiq oyunçuları Rəşad Sadıqov ala bilərdi. Ancaq oyunboyu aqressiv, çılğın görünən mütəxəssis bunu bacarmadı. Görəsən, futbolçu yoldaşları onu məşqçi, yoxsa futbolçu kimi uğurlu sayır?
Uzun illər Sadıqovla çiyin-çiyinə çalışan, hazırda baş məşqçi kimi fəaliyyət göstərən Vüqar Nadirova müracitət etdik. O, həm qarşılaşma, həm də sabiq komanda yoldaşı barədə fikirlərini bölüşdü:
“Final çox maraqlı keçdi. "Zirə"nin də şansları az deyildi, hətta oyunun əlavə dəqiqələrə gedəcəyini düşünürdüm. Kuboku çox istəsələr də, qismət "Qarabağ"a imiş. Eyni zamanda "köhlən atlar" da "qızıl dubl" eləmək istəyirdi. Onu mən də yaşamışam və necə hisslər olduğunu yaxşı bilirəm. Sabiq komandamı təbrik edirəm. İnanıram ki, UEFA-da hər bir komandamız bizi layiqincə təmsil edə biləcək. Belə rəqiblə qarşılaşmaq ozü də Ağdam təmsilçisi üçün stimuldu. Çünki "köhlən atlar" nə qədər ciddi rəqabətlə üzləşsə, Çempionlar Liqasında da yaxşı nəticə qazanacaq. Burda nəticə görmür, rəqib görməyəndə də Avropada çətinlik çəkir. Futbolçu olmaq asandı. Əsas məsuliyyət baş məşqçinin uzərindədi. Oyunçu necədi, məşqə necə gəlmişdi, oyundan əvvəl neçədə yatmalıdı və s. onun məsuliyyətindədi. Komanda udanda baş məşqçi yaddan çıxır, uduzanda düşürlər baş məşqçinin üstünə. Sadıqovun həm futbolçu, həm də məşqçi kimi UEFA təcrübəsi var. Mən 7-8 il Qurban Qurbanovun rəhbərliyi altında oynamışam. Sakit, səbirli və təmkinli adamdı. Amma elə məqamlar olur ki, xüsusilə UEFA oyunlarında hakimə qarşı əsəbi olur. Yəni qərəzli davranışda emosional olur. Amma Rəşad Sadıqov həm futbolçu kimi elə idi, həm də məşqçi kimi belə emosionaldı. Yəqin məşqçi kimi özünü təhlil edir ki, harda səhv və ya düz edib. Müəyyən zaman lazımdı. Yaş artıqca bu emosionallıği arxada qoyacaq. Uduzmağı xoşlamır. Düzdü, mən də məşqçi olaraq, uduzmağı xoşlamıram. Amma büruzə vermirəm, o isə göstərir”.
Rəşad Sadıqovu yaxından tanıyan Vaqif Cavadov isə onun fəaliyyəti haqda bunları dedi:
“Hər iki komanda meydana itkilərlə çıxmasına baxmayaraq, yaxşı mübarizə apardı. İkinci hissə daha baxımlı oldu. Ümumilikdə götürəndə "köhlən atlar"ın ustalıq səviyyəsi nəticədə özünü göstərdi. "Zirə" isə son mövsümu ikinci pillədə bitirən bir komanda kimi çempionatın ən yaxşılarındandı. Mövsümün əvvəlində tənqidlər çox olurdu, amma komandanın gördüyü iş göz qabağındadı. Rəşad həm futbolçu kimi, həm də məşqçi kimi iki ayrı uğura imza atıb. Karyerasında bundan yaxşı nailiyyətlər arzulayıram. Bir futbolçu kimi ayrı, məşqçi kimi bir ayrı düşüncələr var. Hər zaman birinci olmaq istəyən biridi. Məşqçi kimi də yüksək nəticə qazanmaq, futbolçularının inkişaf etməsini istəyir. Uğur varsa, deməli, məşqçilik keyfiyyətləri yerindədi. Futbol karyerası 35 il olsa da, məşqçiliyə yeni başlayıb. Burda səbr etmək lazımdı ki, necə özünü tam göstərsin. Futbolçu kimi uğurları olsa da, baş məşqçi kimi ondan artıq uğurlar olsa, yaxşı olar. Bəli, bir qədər emosionallığı var. Amma bu da normaldı. Hər məşqçinin öz reaksiyasi, öz tərzi var. Bu da onun tərzidi. Rəşad oynayanda da elə idi, məşqçi kimi də belə tərzdədi. Hər kəsin öz böyümə potensialı var”.
RÖYANƏ OĞUZ