Bu gün ölkə kubokunun 1/4 final mərhələsinin “Sabah” - “Qarabağ” oyunu keçiriləcək. “Qarabağ” ölkə daxilində aşkar favorit göstərildiyindən ağdamlıların qələbə qazanacağını deyənlərin sayı çoxdu.
Bəs real mübarizə meydanında yaşanacaqlar haqda nə demək olar? Həqiqətən “Qarabağ” premyer-liqada olduğu kimi, kubokda da rəqiblərinə münasibətdə amansız davranacaq? “Sabah”ın çempionatın liderini büdrətmək üçün şansı varmı?
Bu suallarla bağlı təcrübəli mütəxəssis Yunis Hüseynova müraciət etdik. Onun “Football-plus.az”a dedikləri:
“Öncə hər iki komandaya uğurlar arzulayıram. Bilindiyi kimi, kubok matçları çempionat oyunlarından seçilir. Daha dəqiqi, avrokuboklara vəsiqə qazanmağın qısa yolu məhz bu görüşlərdi. Bilirsiz ki, “Sabah” ötən mövsüm gümüş medalçı olmuşdu. Məncə, durumları hazırda yaxşı olmasa da, “futbol ili”ni ilk “dördlük”də bitirəcəklər. Buna potensialları var. “Qarabağ”la matç Murad Musayevin yetirmələri üçün gərgin keçəcək. Amma deməzdim ki, “Qarabağ” aşkar favoritdi. Nəticəni yarı-yarıya dəyərləndirirəm. Üstəlik Ağdam təmsilçisini Avropa Liqasının pley-off mərhələsində “Braqa”yla oyunlar gözləyir. Bu üzdən Qurban Qurbanov müəyyən futbolçulara istirahət verəcək. “Digər tərəfdən, “köhlən atlar”ın da kuboku qazanmaq istədiyini bilirəm. Bu matçda olmasa da, cavab oyununda istədiyini alacaq. Ümumiyyətlə, “Qarabağ” başqa səviyyəyə yüksəlib. Zənnimcə, Qurban Qurbanovun məqsədi “qızıl dubl”etməkdi”.
KƏNAN BAHADIR