“Neftçi” premyer-liqada geridə qoyduğumuz mövsümü 5-ci pillədə tamamladı. Nəticədə avrokuboklardan uzaq düşən bakılıların ilk işi baş məşqçi Miodraq Bojoviçlə yolları ayırmaq oldusa, baş icraçı direktor Fərrux Mahmudov da istefa verdi.
Hazırda mediada hər iki vakant post üçün müəyyən namizədlərin adı səsləndirilir. Hələ Müşahidə Şurasının sədrinin kim olacağı da bəlli deyil. Üstəlik xeyli futbolçunun klubla müqaviləsinin müddəti bu ayın sonunda bitir. Belədə operativlik tələb olunsa da, səssizlik hökm sürür.
“Neftçi”nin mətbuat xidmətinin əməkdaşı Xəyalə Şahlarlının “Football-plus.az”a söylədikləri:
“Təəssüf ki, komanda vəzifəsinin öhdəsinən gələ bilmədi, mövsümü arzulamadığımız nəticə ilə başa vurduq. Elə mərhələdən keçirik ki, klub üzərində təzyiq çoxdu. Bəli, hazırda rəsmi səhifələrimiz tərəfindən hansısa məlumat verilmir. Amma bu, “Neftçi” durğunluq dönəmindən keçir” anlamına gəlmir. Bir çox məsələylə bağlı işlər görülür. İstər rəhbərlik, istər komanda səviyyəsində planlar həyata keçirilir. İndi yekun qərarların verilməsini gözləməliyik. Yalnız bundan sonra rəsmi açıqlama veriləcək. Hazırda danışılacaq çox şey yoxdu. Bizə də çoxlu sual verilir, amma müəyyən məsələlər dəqiqləşmədiyindən gözləmə mövqeyindəyik”.
Bilindiyi kimi, “Neftçi” ötən mövsüm ərzində bir neçə dəfə komanda ilə bağlı yayılan xəbərləri təkzib etməklə diqqət mərkəzinə gəldi. Klub hər dəfə az qala jurnalistlərə barmaq silkələyirdi ki, rəsmi olmayan informasiyalar tirajlanmasın. Hazırda “ağ-qaralar”ın yeni rəhbərlik və baş məşqçisi seçimləriylə bağlı bir neçə şəxsin adı çəkilsə də, mətbuat xidmətinin həmin fəallığını görmürük. Xəyalə xanım bu məsələni qısaca belə izah etdi:
“Deyiləcək bir şey yoxdu. Hazırda hansısa məlumatın paylaşılması yersizdi. Çünki hansısa məsələ üzrə yekun qərar verilməyib”.
KƏNAN BAHADIR