Komanda baş məşqçisiz "Matç TV" kubokuna yollandı. Gün keçdikcə avrokubokda çıxış edəcək klubdan gözləntilər azalır. "Ağ-qaralar"ın aparıcı oyunçusu Emin Mahmudovun taleyi də sual altındadı. Azarkeşlər qeyd olunan 2 məqam üzrə problemin tezliklə aradan qaldırılması istiqamətində addım atılacağını gözləyir.
"Football-plus.az" olaraq hansısa yeniliyin olub-olmaması haqda məlumat almaq məqsədilə "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. O, hələ də önəmıi məsələlərin həll olunmadığını dedi:
"Baş məşqçi axtarışlarımız davam edir. Danışıq apardığımız mütəxəssislər olsa da, münasibətləri rəsmiləşdirdiyimiz çalışdırıcı yoxdu. Bu yöndə hər kəsin narahatlığını başa düşürük. Baş məşqçi təyinatı reallaşan kimi ictimaiyyətə məlumat verəcəyik".
Klub rəsmisi Emin Mahmudovun da hələ ki "Neftçi" ilə razılaşmadığını dedi:
"Eminlə müzakirələrimiz davam edir. Bilindiyi kimi, müqaviləsinin müddəti sona çatıb. Bu səbəbdən məşqlərdə iştirak etmir. Onunla yeni müqavilə imzalanıb-imzalanmayacağı hələ bəlli deyil".
KƏNAN BAHADIR



