Mövsümün əvvəlində dünyaca məşhur Adrian Mutu bəh-bəhlə təqdim olundu. Sanki onun gəlişiylə hər şey qaydasına düşəcək və komanda çempionluq uğrunda mübarizə aparacaqdı. Elə ilk oyunlardan sonra Mutu mifi dağıldı. Mövsümün ilk yarısında 17 turdan sonra topladığı 25 xalla 5 pillədə qərarlaşan komanda məşqçinin nəticəsindən narazı qaldı. Belədə arada bir tur (18-ci tur – red.) istisna olmaqla 19-cu turdan etibarən “ağ-qaralar”ın sükanı Miodraq Bojoviçə tapşırıldı. 24 illik məşqçilik fəaliyyəti dövrünə 21 komanda sığdıran təcrübəli monteneqrolu mütəxəssis də uğurlu start götürmədi. Ancaq hər dəfə vaxta ehtiyacı olduğunu və oyun fəlsəfəsini 6-7 tur ərzində komandaya aşılaya biləcəyini bildirdi. Sanki bu “böyük” məşqçinin elə sadəcə, “pulumu qazanım, gedim” prinsipi var imiş. Mutudan 5-ci pillədə təhvil aldığı komandanı elə 5-ci pillədə də təhvil verdi. Hələ utanmazcasına da öz dövrünü Mutuyla müqayisə edib, daha çox xal topladığını bildirdi. Halbuki az qala bütün statistikalar eynidi. Yalnız 1 oyun Mutudan çox keçirdiyinə görə 3 xal artıq toplayıb. 24 il məşqçi işləyəsən, səni təcrübəli mütəxəssis kimi qələmə verələr, ancaq nə fayda?! Kluba gələndən bəri nə bir sistemdə dəyişiklik etdi, nə də hansısa önəmli transferlə yadda qaldı. Mövsümboyu aşağı-yuxarı eyni səviyyəli “Neftçi” gördük. Hətta komanda mövsümün ilk yarısında daha yaxşı oyun sərgiləyirdi, nəinki ikinci yarıda. Beləcə mövsümü yekunlaşandan sonra nəticələrdən razı qalmayan rəhbərlik Bojoviçlə də yolları ayırmaq qərarına gəldi. Hələ bu azmış kimi, dünən klubun baş icraçı direktoru Fərrux Mahmudov da qarşılıqlı razılıq əsasında işinə xitam verdiyini açıqladı:
“Bu gün “Neftçi” PFK-nın baş icraçı direktoru vəzifəsində sonuncu günümdü. Klubla qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Bu şərəfli, eyni zamanda məsuliyyətli yolun bir parçası olmaqdan qürur duyuram. Bu müddət ərzində qarşıya qoyulan məqsədlərin hamısını reallaşdıra bilməsək də, əsaslı və perspektivli işlərə imza atdıq. Göz qabağında olmayan bu işlərlə böyük bir dövrün, böyük bir dəyişikliyin təməlini qoyduq. Hər kəsə - komanda yoldaşlarıma, futbolçulara, həmkarlara, azarkeşlərə təşəkkürümü bildirir, “Neftçi”yə uğurlar, layiq olduğu yerlər və parlaq nailiyyətlər arzulayıram”.
Soruşmaq istərdim ki, Fərrux müəllim, hansı əsaslı və perspektivli işlərə imza atdız? Cəmi bir il ərzində hansı hədəflərdən danışmaq olar? Vizuallığı, şan-şöhrəti sevən bir klub artıq çox bərbad vəziyyətdə görünür. Buna həyatın ironiyasımı deyim, yoxsa bumeranq effektimi, bilmirəm. Bir mövsüm ərzində iki çalışdırıcı və bir rəhbər şəxslə yollar ayrıldı. Hələ bəlli deyil ki, bunun davamı gələcək, ya yox. Ən köklü futbol klubumuzun bu acı görüntüsündən o anlaşılır ki, iki-üç dəyişikliklə heç nə düzəlməyəcək. Klubda köklü dəyişikliklər etmək lazımdı. İndiki durum ölkənin ən köklü klubu adına utancdı. Söhbət təkcə avrokuboklara vəsiqə qazanmamaqdan getmir. Sonuncu dəfə çempion olduqları 2020/21 mövsümündən bəri heç bir nailiyyət yoxdu. Bunun bir adı var: vecsizlik! Komandanı, onun azarkeşlərini, sevənlərini düşünən heç bir rəhbərlik klubun üç il belə vəziyyətdə olmasına göz yuma bilməz. Yenə hansısa bir əcnəbi mütəxəssis gətiriləcək, ara yerdə pullar havaya sovrulacaq. Nəticəyə gəlincə, o çalışdırıcıdan da narazılıq edəcəklər, yollar ayrılacaq. Bu qədər sadə...
KAMAL SƏFƏR





