Belə ki, komandanın baş məşqçisi Adilı Şükürov müqavilə müddəti bitən əcnəbi futbolçuların düşərgəni tərk etdiyini, onları saxlamaq üçün kifayət qədər pulun olmadığını bildirib. Premyer-liqanı 9-cu pillədə başa vuran “Kəpəz” üçün bu mövsümün çətin keçdiyi hamıya məlumdu. Bununla bağlı ətraflı məlumat almaq üçün ilk növbədə “Kəpəz”in mətbuat katibi Azad Mustafayevə müraciət etdik. O, vəziyyətlə bağlı informasiya olan kimi bizimlə bölüşəcəyini bildirdi. Bəs bu il “Kəpəz”lə müqavilə müddəti bitən əcnəbi futbolçular kimlərdi? Maraqlıdı ki, klubda olan bütün futbolçuların müqavilə müddəti yayda bitəcək. Belədə nəticə çıxarsaq, aşağı-yuxarı bütün legionerlər yola salınır. O halda sual yaranır: Gəncə təmsilçisi növbəti mövsüm ancaq yerli futbolçularla oynayacaq?
Bu məsələnin hansı məcrəda cərəyan edə biləcəyini öyrənmək üçün təcrübəli menecer Erkin İbrahimovun fikirlərini öyrəndik:
“Klubun bəlli planları, sponsoru yoxdu. Təbii ki, legioner pul tələb edir. Ötən il Olavale Onanunqani təklif etmişdim, hazırda oradadı. O da suallar verir, rəhbərlik qol çəkmir. Nə qədər tez sponsor bilinsə, bir o qədər yaxşıdı. Orda oynayanlar arasında qeyri-adi istedada malik futbolçu yoxdu. Yəqin ki, planları bəlli olar. Amma bir tərəfdən "Araz-Naxçıvan" ötən il bundan da gec yığıldı. Normal futbolçular da gətirdilər. Böyük faciə yoxdu. Bildiyimə görə, bu mövsüm üzrə futbolçulara borcları var. Əsas məsələ sponsorun, büdcənin və başaqa məsələlərin mümkün qədər tez bilinməsidi”.
RÖYANƏ OĞUZ





