Çoxdan gözlənilən hadisə baş verib: “Milan” rəhbərliyi Stefano Pyoli ilə yolları mövsümün sonunda ayırmaq qərarına gəlib.
“Football-plus.az” xəbər verir ki, onunla əməkdaşlığa qarşılıqlı razılıq əsasənda son qoyulub. İtaliya klubu komandanı 2019-cu ildən çalışdıran və 2021/22 mövsümündə çempionluğa daşıyan 58 yaşlı mütəxəssisə 5 illik fəaliyyətinə görə rəsmi saytı vasitəsilə təşəkkür edib:
“Milan” Stefano Pyoliyə və köməkçilərinə 5 illik fəaliyyətinə, skuddettonun qazanılmasına və komandanın avrokuboklarda müntəzəm iştirakını təmin etdiyinə görə minnətdarlığını bildirir. Stefanonun peşəkarlığı və insani keyfiyyətləri klubun əsas dəyərlərini qorumaqla komandanın əhəmiyyətli dərəcədə inkişafında böyük rol oynayıb”.
“Milan” rəhbərliyi artıq bir neçə həftə idi yeni baş məşqçi axtarışına başlamışdı. Klub artıq Pyolinin yerinə əsas namizədi müəyyən edib. Son xəbərlərə görə, mövsümün sonunda postundan ayrılacaq mütəxəssisin yerini Paulu Fonsekanın tutmaq şansı çoxdu. Portuqaliyalı məşqçinin Milana yollanmaq üçün “Lill”i tərk edəcəyi məlum olub. O, artıq Fransa klubundan ayrılmaq qərarını rəhbərliyə bildirib. “Football Italia” “Milan”ın 51 yaşlı mütəxəssislə ilə 3 milyon avro maaşı nəzərdə tutan 3 illik müqavilə bağlayacağını xəbər verib.