Dünən saat 17-30-da “ASK Arena”nın yolunu tutmaq üçün hər cür əsas var idi.
Axı bu stadionda 1-ci liqaya vəsiqə qazanmağa iddialı komandalar üz-üzə gəlirdi. 2-ci liqada “Baku Sportinq” çempionluğu ötən tur rəsmiləşdirsə də, 2-ci yer uğrunda gərgin mübarizə gedir. PFL-in cari mövsüm üçün tərtib etdiyi reqlamentə əsasən 2-ci liqanın ikincisi 1-ci liqanın doqquzuncusu ilə pley-off oynayacaq.
Bildiyiniz kimi, “Füzuli” bu oyundan əvvəl “Cəbrayıl”dan 1 xal irəlidə idi. Ancaq iş elə gətirmişdi ki, “Füzuli” də qələbəyə oynamalıydı. Axı mümkün heç-heçə “Şahdağ Qusar”ın 2-ci pilləyə yüksəlməsinə səbəb olacaqdı.
Oyuna nominal meydan sahibləri fəal başladı. Artıq 7-ci dəqiqədə Ruslan Əmircanovun zərbəsi yetərincə təhlükəli alındı. Nəhayət, qonaqların ifasında ilk təhlükəli vəziyyətin şahidi olduq. 19-cu dəqiqədə Təmraz Əmircanov Haqverdi Həsənova doğru qısa ötürmə verdi. Haqverdinin qapı qarşısına zərbəsini Fərman Bayramov dəf etməyi bacardı. Bu ərəfədə Ruslan Voronsov zərbə endirsə də, top qapıdan yan keçdi. 37-cı dəqiqədə İlyas Səfərzadənin cərimə meydançasına doğru ötürməsini Emin Quliyev qola çevirdi və “Füzuli”ni irəli çıxardı. İkinci yarıya qonaqlar daha fəal başlasalar da, imkanları dəyərləndirə bilmədilər. İkinci hissədə rəqabət daha da artdı. Çoxsaylı imkanları boşa verən “Füzuli”nin futbolçuları həm yorulmuş, həm də aqressivləşmişdi. 74-cü dəqiqədə Ruslan Voronsov uzaqdan baxımlı zərbə ilə hesabı bərabərləşdirdi - 1:1. Ümidini üzməyən “Cəbrayıl” irəli atıldı və hücumların sayını artırdı. Cəmi 2 dəqiqə sonra meydan sahibləri yenidən fərqlənsə də, qol qeydə alınmadı. Cavid Tağıyevin ötürməsində Məhərrəm topu qapıdan keçirdi. Lakin yan xətt hakiminin bayrağı havada idi. Bu qərara görə ruhdan düşməyən “Cəbrayıl” ardıcıl hücumlar qurmağa başladı. Son saniyələrdə “Cəbrayıl”ın futbolçuları cərimə zərbəsi qazandı. Elvin Məmmədov qapı qarşısına ötürmə verdi. Ruslan Voronsov baş zərbəsi ilə topu 2-ci dəfə tora qovuşdurdu və “Füzuli”ni yıxdı. Beləliklə, “Cəbrayıl” son turda 2-ci pilləyə qalxaraq 1-ci liqaya yüksəlmək yolunda önəmli addım atdı.
ƏSƏD SEYİDOV