"Doğrudu, Kadi təyyarədədi, təqribən 1 saat əvvəl danışmışam" - menecer açıqladı

9.05.2024 21:50 13 697
Premyer-liqa / Manşet
“Qarabağ”ın sosial şəbəkə hesablarında paylaşılan “Coming soon” posterindən sonra yenə Kadi Borgesin Azərbaycana dönməsiylə bağlı xəbərlər tirajlanır.

İş o yerdədi ki, hətta futbolçunun ailəsiylə bərabər Bakıda görənlər də var. Ağdam təmsilçisinin “Zirə”ylə oyunöncəsi paylaşdığı posterdə də xüsusi detalların fərqinə varan futbolsevərlər, bunu braziliyalı vingerin yenidən keçmiş klubuna dönməsiylə əlaqələndirir.

Dərc olunan xəbərlər barədə daha dəqiq məlumat öyrənmək üçün Kadini ölkəmizə gətirən menecer Tural Əsgərovla danışdıq. Onun “football-plus.az”a söylədikləri belə oldu:
“Yenə sosial şəbəkələrdə lazımlı-lazımsız məlumatlar yayılır. Bu mənada xoşbəxt adamam ki, sosial şəbəkələrdən uzağam. Söhbət bizim tanıdığımız Kadi Borgesdən gedirsə, yəni bir əkizi yoxdusa, yayılan xəbərlər əsassızdı. Doğrudu, Kadi təyyarədədi. Təqribən 1 saat əvvəl danışmışam. Amma Bakıya uçmur. Hazırda Krasnodardan Moskvaya, yəni Rusiya çempionatının növbəti oyununa gedir. Təbii ki, söhbət “Qarabağ”dan tanıdığımız Kadidən gedirsə”.


Xatırladaq ki, “Spartak” - “Krasnodar” matçı mayın 11-i Bakı vaxtıyla saat 17.30-da start götürəcək.

KAMAL SƏFƏR