Rəşad Sadıqov: “Bu gün məqsədimiz özümüzü kiməsə sübut etmək deyil”

20.04.2024 22:14 164
Ölkə futbolu / Premyer-liqa
“Zirə" premyer-liqanın 31-ci turunda öz meydanında "Neftçi" ilə azlıqda olmasına rəğmən 3:1 hesabla qələbə qazandı.

“Football-plus.az” az xəbər verir ki, Qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşma barədə fikirlərini bölüşərək jurnalistlərin suallarını cavablandırıb:
“Oyunla bağlı fikir bildirmək çətindi. Gərgin matç keçdi. Belə olacağı əvvəldən bəlli idi. Önəmli qələbə qazandıq. Bunu bayram etməyə vaxtımız yoxdu. 3 gün sonra "Qəbələ" ilə oyuna çıxacağıq. Vacib qarşılaşma olacaq”.


- Bir çox komandalar "qırmızı" aldıqdan sonra müdafiə oynayır. Amma siz əksiniz etdiniz, hücum futbolu oynadınız...

- Hər bir futbolçu meydandan can qoydu. Ehtiyatdan oyuna girənlər yaxşı çıxış etdikdə adamın ürəyi açılır. Dəyişikliklərdən sonra məğlub ola bilərdik. Ağlımdan keçən ilk fikir o oldu ki, hücum futbolu oynayaq. Çünki azlıqda qalmağa hazır deyildik. Beynim qarışıq idi. Şükürlər olsun ki, dəyişikliklər nəticəsini verdi, qələbə qazandıq.

- Rəhim Sadıxovun oyununu necə şərh edirsiniz?

- Rəqib hücumameyilli futbolçularımızı yaxşı analiz etmişdi. Son turda onlar yaxşı çıxış edirdi. Rəhimə qarşı bu gün xüsusi diqqət var idi. O da epizodlardan istifadə edə bildi. Bu, Rəhimin ustalıq səviyyəsini göstərir.

- Mövsümün əvvəlində deyirdilər ki, komanda müdafiə oyunu oynayır. Siz bununla razılaşmırdınız. Amma bu gün fərqli oldu. Bu oyunla komandanın hücum futbolu oynadığını sübut edə bildiniz?

- Belə şərhlər olur. Bəzən tənqidlərdən nəticələr çıxarıram. Tənqid edənlərin də mən və ya komandaya simpatiyası var. Bu gün məqsədimiz özümüzü kiməsə sübut etmək yox, turnir cədvəlində yerimizi yaxşılaşdırmaqdı.