“Neftçi” – “Sumqayıt” (1:1) oyunu mübahisəli hakim qərarıyla yadda qaldı.
Belə ki, referi Elçin Məsiyev 90+6-cı dəqiqəndə “Sumqayıt”ın futbolçusu Abu Dossonun cərimə meydançası daxilində Şinyaşikiyə qarşı hərəkətini fol kimi dəyərləndirmədi. Halbuki epizodun təkrarına baxanda Dossonun topa yox, birbaşa Şinyaşikiyə müdaxilə etdiyini görmək olur. Bunu “CBC Sport”un yayınında aşkar şəkildə görmək mümkündü. Yeri gəlmişkən, adətən, VAR-da oturan hakimlər “CBC Sport”un yaydığı görüntünü yetərsiz hesab edir. Hətta oyunu şərh edən Şəmsəddin Abbasov xatırlatdığımız epizoda “maraqlıdı, görəsən, VAR-da olan hakimlər sonra deyəcəklərmi “CBC Sport”un görüntüləri aydın olmadı? Bundan aydın nə var ki” deməklə münasibət bildirdi. Məsələylə bağlı daha detallı məlumat almaq üçün yenidən baş redaktorla əlaqə saxladıq:
“Hakimlər bir çox vaxtlarda mübahisəli epizodlarla bağlı bildirirlər ki, “CBC Sport”un yayınından heç nəyi aydın görüb qərar vermək olmur. Amma “Neftçi” – “Sumqayıt” oyununda bütün epziodlar şəffaf və aydın görünürdü. Görüntünün aydın olmaması haqda danışmaq, sadəcə, bəhanədi. Doğrudu, bəzi rakurslarda nəsə görünməyə bilər. Çünki futbol dinamik oyundu. Amma mövsüm ərzində “CBC Sport”un çəkdiyi görüntülərə əsasən 80, hətta 90 faiz lazımı qərarları vermək olar. Bu barədə mübahisə etmək istəyənlər varsa, gəlsinlər, görüntüləri açaq. Üstəlik VAR-da oturan hakimlər bütün kameraların gözlərini görə bilir. Yəni kameralardan hər şeyi izləyə bilirlər”.
Abbasov eyni zamanda AFFA-nın “CBC Sport”un yayınından narazılığı barədə sualımıza belə cavab verdi:
“AFFA rəhbərliyinin “CBC Sport”un yayınından narazı olmasıyla bağlı məndə elə bir məlumat yoxdu. Öncə AFFA rəhbərliyi ilə danışın, onların haqqımızda fikirlərini öyrənin. Sonra bizimlə danışarsız”.
- AFFA-nın yeni prezidenti Rövşən Nəcəf aprelin 2-də keçirilən Hesabat-Seçki Konfransında teleyayının keyfiyyətinin artırılmasının önəmli olduğunu bildirdi. - Narazı olmaqla keyfiyyətin artırılması ayrı-ayrı mövzudu. Ümumiyyətlə, televiziya elə sahədi ki, burda keyfiyyəti durmadan artırmaq lazımdı. Hər 6 aydan bir böyük televiziya sərgiləri keçirilir. Orda müasir teleyayın avadanlıqları təqdim olunur. Bu avadanlıqların yenilənməsi və alınması şərtdi. Burda narazılıq yoxdu.
KAMAL SƏFƏR