“Çempionatın sonuna kimi mübarizə aparacağıq”

11.04.2024 19:20 197
I liqa / Manşet
Futbol üzrə ölkə çempionatının 1-ci liqasında 21-ci tura yekun vurulub.

Turun mərkəzi görüşündə “Karvan” MOİK-i qəbul edib. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə nəticələnib - 1:0. Oyundan sonra yevlaxlıların baş məşqçisi Kənan Kərimov “football-plus.az”ın suallarını cavablandırıb:

“Oyunun gərgin keçəcəyini bilirdik. MOİK çempionluğa iddialı komandalardan biridi. Düzdü, ardıcıl 3 məğlubiyyət alıb, 2 heç-heçə etmişdik. Zədəli oyunçularımız vardı ki, onlardan istifadə edə bilmədik. Futbolçularıma təşəkkür edirəm. Sona qədər vuruşdular və layiqli qələbə qazandılar”.

- Bu qələbə ilə “Karvan”ın mübarizəyə qayıtdığını demək olar?
- Biz çempionatın sonuna kimi mübarizə aparacağıq. Çalışacağıq ki, qalan 7 turu da qələbəylə başa vuraq. Üst sıralarda yerimizi bərkitmək üçün sonuna qədər döyüşəcəyik.

- Növbəti turda lider “Qaradağ Lökbatan”ı qəbul edəcəksiz. Həmin matç barədə düşüncələriniz necədi?
- “Qaradağ Lökbatan” hazırda turnir cədvəlində liderdi. Lakin bunun bizim üçün fərqi yoxdu. Göründüyü kimi, çempionat gərgin keçir. Bu oyuna necə hazırlaşmışdıqsa, o görüşə də elə hazırlaşacağıq. Çalışacağıq ki, öz meydanımızda qələbə qazanıb həm azərkeşlərimizi sevindirək, həm də xal ehtiyatımızı artıraq.

İSMAYIL XEYRULLAYEV