''Trabzonspor''un gənc qapıçısı ''Real''ın maraq dairəsinə düşüb

10.04.2024 15:00 181
Dünya futbolu
''Trabzonspor''un mövsümün əvvəlində ''Altınordu''dan 700 min avroya transfer etdiyi gənc qapıçı Onuralp Çevikkan əsas komandada hələ debüt etməsə də, ''Real''ın diqqətini cəlb etməyi bacarıb.

Madrid nəhəngi istedadlı əlcək sahibini izləməsi və ona maraq göstərməsi barədə ''Trabzonspor'' rəhbərliyinə məktub göndərib. Hər halda bu, Türkiyə mətbuatının iddiasıdı. ''Real''ın skautları Türkiyənin U-18 və ''Trabzonspor''un U-19 komandasının üzvü olan Çevikkanı son dönəmlərdə diqqətlə təqib edirmiş. 2006-cı il təvəllüdlü qapıçı xüsusilə ötən ilin oktyabrında Tenerifedə Türkiyə ilə İspaniyanın U-18 komandalarının 1:1 başa çatan yoxlama oyununda mükəmməl seyvləri ilə diqqət çəkmişdi. Ötən yay Arda Güləri heyətinə qatan ''Real''ın Onuralp üçün təklif irəli sürüb-sürməyəcəyi bəlli deyil. ''Trabzonspor''un baş məşqçisi Abdulla Avcı bu yaxınlarda bu qapıçı ilə bağlı bunları demişdi:

''Çox istedadlı və inkişafa meyillidi. Bununla yanaşı həm də güclü xarakterə malikdi. Gələcəyinin parlaq olduğunu düşünürəm''.

ƏLİ