“Stadion 2004-cü ildən elə Mais Mənsimovun adına olub” - başıbəlalı "Xəzər Lənkəran" haqda...

8.04.2024 15:35 908
Ölkə futbolu / Manşet
“Xəzər Lənkəran” Mərkəzi Stadionunun təmirə başlanacağı ilə bağlı xəbəri yayılandan sonra bəzi mövzular aktuallaşıb.

Bunlardan biri də klub prezidenti Mais Mənsimovun qardaşı Mübariz bəydən xəbərsiz stadiona sahiblik hüququnu öz adına keçirməsidi. Belə ki, prosesin 3 il əvvəl, yəni Mübariz Mənsimov Türkiyədə həbsdə olduğu vaxt baş tutduğu bildirilir. Bütün bunların üstü bir müddət əvvəl açılıb. Hansı ki, stadionun ərazisinin və əmlakının satışa çıxarılması barədə məlumatlar Mübariz Mənsimova bildirilib. Böyük Mənsimov dəqiqləşdirib ki, qardaşı kluba aid xeyli avadanlığı dəyər-dəyməzinə satıb, sonra da, ümumiyyətlə, stadiona müəyyən qiymət qoyub, müştəri axtarmağa başlayıb.

Həbsdən azad ediləndən bir müddət sonra “Palmali Holdinq”in rəhbərinin qardaşı Mais Mənsimovun əməllərinin üstünü açdığı, yekunda onun adını rəsmi sənədlərdən silməyə müvəffəq olduğu barədə xəbərlər mətbuatda yayılmaqdadı. Vaxtilə klubda çalışanların bu məsələyə aydınlıq gətirə biləcəyini düşündük. Bu səbəbdən klubun sabit mətbuat katibi Hüseyn Cəbrayıloğluna tribuna verdik:

“Çalışıram ki, ümumiyyətlə, məsələlərə qarışmayım. Çünki yeni nə olacaqsa, bunu keçmiş “Xəzər Lənkəran” idarə heyətindən kimsə bilmir və ya qərar verilməsində iştirak etmir. Hazırda İstanbul ofisi nə düşünür, nə etmək istəyir - bunu yalnız oradakılar bilir. O ki qaldı stadionun addan-ada keçməsinə, yaxud Mübariz Mənsimov həbsdə olarkən, stadionun onun adından başqa ada keçməsinə, hər iki tərəfin iştirakı olmadan bir ərazi, əmlak necə ad dəyişdirə bilər? Bəzən məntiqi düşünmək lazımdı. Şəxsən mən dəqiq bilirəm ki, stadion əvvəldən, yəni 2004-cü ildən elə Mais Mənsimovun adına olub, həmin sənədi öz gözlərimlə illər əvvəl görmüşəm. Ona görə də hansısa aldatma-filan müzakirə mövzusu ola bilməz”.

KAMAL SƏFƏR