"Stadionun təmirə bağlanacağı xəbəri o anlama gəlmir ki... " - "Palmali”nin Bakı ofisi işləri təxirə saldı?

3.03.2024 11:24 3 807
Ölkə futbolu / Manşet
Bir müddət öncə “Xəzər-Lənkəran” Mərkəzi Stadionunun martda təmirə bağlanacağı xəbərini vermişdik. 

Klubun fəxri prezidenti Mübariz Mənsimovun göstərişi ilə stadionun təmirini layihə-smeta sənədləri hazırlanmalıydı. Stadionun və eyniadlı futbol klubun sahibi olan “Palmali”nin baş ofisindən şirkətin Bakı ofisinə də bununla bağlı tapşırıq verilmişdi. Amma stadionda təmir işlərinin başlamaması ictimaiyyət arasında fikir ayrılığı yaratdı. Bəs işlər nədən ləngiyir? Stadionun təmirinin başlaması yolunda hansısa əngəl varmı? Bununla bağlı bilgi almaq üçün “Xəzər-Lənkəran” stadionunun sabiq direktoru Höccət Hacıyevlə əlaqə saxladıq:

“Təmirin təxirə salınması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Sadəcə, təmir-bərpa işlərinə sərf ediləcək vəsait tam hesablanır. Bunun üçün “Palmali” şirkətlər qrupunun Bakı ofisindən bir neçə şəxs stadiona baş çəkib. Hazırki duruma görə onu deyə bilərəm ki, təmir işləri təxirə salınmayıb. Stadionun təmir edilməsi kiçik məsələ deyil ki, həmin an başlanılsın. Martdan təmirə bağlanacağı xəbəri o anlama gəlmir ki, mütləq şəkildə ayın 1-dən etibarən bu icra olunsun. Təmir-bərpa layihəsinin smetası hesablanandan sonra işlər start götürəcək”. 


KAMAL SƏFƏR