Startı aprelin 2-də “Yuventus” - “Latsio” matçı ilə verilən İtaliya kubokunun yarımfinalının ilk oyunlarına çərşənbə günü yekun vuruldu. Bu dəfə də meydan sahibi olan komanda qalib gəldi.
"Football-plus.az" xəbər verir ki, reqlamentə əsasən, İtaliya kubokunda yalnız yarımfinal mərhələsi iki oyundan ibarət olur. “Fiorentina” və “Atalanta” 1/4 finalda uyğun olaraq “Bolonya” və “Milan”ı mübarizədən kənarlaşdırmışdı. Bu komandalar arasında A seriyasının cari mövsümündə keçirilən yeganə oyunda “Fiorentina” üstünlük qazanmışdı. Xatırladaq ki, Florensiyada ötən il sentyabrın 17-də baş tutan matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə nəticələnmişdi.
“Atalanta” bu şəhərdən Berqamoya yenə əliboş döndü. Florensiyalılara bu dəfə bir qol qələbə üçün kifayət etdi. Qeyd edək ki, qonaqları çalışdıran Can Pyero Qasperini cəzalı olduğu üçün komandasına texniki zonadan göstəriş verə bilmirdi. “Atalanta”nın oyununun tribunada olan təcrübəli mütəxəssisi heç cür qane etmədiyi simasından aydın olurdu. Karnesekki inamlı oyun sərgiləməsəydi, qonaqlar evə daha böyük fərqli məğlubiyyətlə dönə bilərdilər. “Fiorentina” ilk hissəni çox yaxşı keçirdi və bunun məntiqi nəticəsi meydan sahiblərinin fasiləyə üstün durumda yollanması oldu. Mandraqoranın 31-ci dəqiqədə vurduğu qol Vinçentso İtalyanonun komandasına ilk oyunda qələbə gətirdi. Cütün qalibi aprelin 24-də Berqamoda keçiriləcək cavab oyununda müəyyənləşəcək.
yarımfinal, ilk oyun
Fiorentina – Atalanta 1:0
Mandraqora, 31.
Fiorentina: Terraçano, Kayode, Ranyeri, Milenkoviç, Parizi, Mandraqora, Bonaventura, Qonsales, Beltran (Artur, 78), Kuame, Belotti (İkone, 85).
Atalanta: Karnesekki, Kolaşinats, Cimşiti, Hin, Holm (Hatebur, 89), Paşaliç (Ederson, 46), Rucceri (Bakker, 60), De Roon, Koopmeyners, Mirançuk (Skamakka, 46), Lukmen (Ture, 78).
Bu mərhələnin çərşənbə axşamı keçirilən ilk oyununun nəticəsi: Yuventus – Latsio 2:0 (Kyeza, 50. Vlahoviç, 64).
Cavab oyunları aprelin 23-24-də keçiriləcək.