Misli premyer-liqasında cari mövsümün başa çatmasına 7 tur qalıb. Belədə komandanın yeni baş məşqçisinin kim olacağı, bu yöndə işlərə start verilib-verilmədiyi, ümumiyyətlə, komandanın qalan oyunlarda meydana hansı mütəxəssisin rəhbərliyi altında çıxacağı maraq doğurur.
Bu suallarla "Araz-Naxçıvan"ın icraçı direktoru Eldəniz Yusubova müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:
"Bəli, dünən Azər Bağırovla müqaviləyə xitam verildi. Ona gələcək karyerasında uğurlar arzulayırıq. Yeniliklərə gəlincə, bu yöndə hələ addım atmamışıq. Komanda istirahətdəydi. Çox güman, futbolçuları müvəqqəti meydana məşqçi Vadar Nuriyev çıxaracaq. Amma yeni baş məşqçinin təyin edilməsi də gecikməməlidi. Çünki son 7 turu uğurla başa vurmaq və yeni mövsümə hazırlaşmaq vacibdi. Tezliklə bu yöndə iclasımız olacaq və bütün məsələlər götür-qoy ediləndən sonra yekun qərar veriləcək".
Qeyd edək ki, "Araz-Naxçıvan" 29 turdan sonra 32 xalla 8-ci yerdədi.
KƏNAN BAHADIR






