"Football-plus.az" xəbər verir ki, Turində keçirilən ilk matçda “Yuventus” ilə “Latsio” qarşılaşdılar. Bu mərhələnin daha çox maraq doğuran oyunu ev sahiblərinin inamlı qələbəsi ilə nəticələndi.
Qeyd edək ki, reqlamentə əsasən, İtaliya kubokunda yalnız yarımfinal mərhələsi iki oyundan ibarət olur. İlk matçda diqqəti cəlb edən əsas məqam komandaların martın 30-da A seriyası çərçivəsində qarşılaşması ilə bağlı idi. 30-cu turun mərkəzi oyunu paytaxtda keçirilmiş və İqor Tudorun “Latsio”nun baş məşqçi vəzifəsində uğurlu debütü ilə yadda qalmışdı. Xatırladaq ki, bir neçə həftə əvvəl Mauritsio Sarri uğursuz nəticələrə görə istefaya yollanmışdı. Onun yerini tutan Tudor vaxtilə turinlilərə həm futbolçu, həm də məşqçi kimi xidmət etmişdi deyə “Yuventus”a qarşı ilk oyun xüsusi xarakter daşımışdı. 45 yaşlı xorvatiyalının yeni komandası ötən şənbə günü ilk dəqiqələrdən əhəmiyyətli üstünlüyə malik olsa da, qələbə qolunu yalnız son dəqiqələrdə vura bilmişdi.
Rəqiblərin çempionatdakı vəziyyətinə gəlincə, 3-cü yerdə olan “Yuventus” hazırda 7-ci sıradakı “Latsio”dan 13 xal çox toplayıb. Hər iki komandanın son həftələr dərin böhrana düşdüyünü əminliklə vurğulamaq olar. Bu baxımdan son 9 matçdan yalnız birində qalib gələ bilən “ağ-qaralar”ın işləri daha pis axarda gedir. Deməli, Massimiliano Alleqrinin komandası romalılarla kubok matçına dönüş nöqtəsi kimi baxmağa borclu idi. Onu da qeyd edək ki, şənbə günü cəzalı olduğu üçün paytaxtdakı oyunu buraxan turinlilərin aparıcı hücumçusu Vlahoviçin yoxluğu aşkar hiss olunmuşdu.
Amma “Yuventus” bu dəfə ön xətdə problem yaşamadı. Ev sahibləri oyunboyu maraqı və rəqibindən üstün futbol sərgilədilər. Amma ilk hissədə üstünlüklərindən yararlana bilmədilər. Turinlilər azarkeşlərini yalnız fasilədən sonra sevindirdilər. Kyezanın 50-ci dəqiqədə hesabı açması oyunun axarına uyğun idi. Topu qapısında görən romalılar cavab qolunu vurmaq üçün ciddi nəsə edə bilmirdilər. Alleqrinin komandası Vlahoviçin hesabı 2:0-a çatdırmasından sonra gücünə qənaət etməyə başladı. Qonaqlar isə topa daha çox nəzarət etməsinə baxmayaraq, paytaxta əliboş döndülər. Beləliklə, “Yuventus” aprelin 23-də Romada keçiriləcək cavab oyunu ərəfəsində finala çıxmaq üçün əla şans qazandı.
yarımfinal, ilk oyunlar
Yuventus – Latsio 2:0
Kyeza, 50. Vlahoviç, 64.
Yuventus: Perin, Qatti, Bremer, Danilo, Kostiç (Aleks Sandro, 89), Rabyo, Lokatelli, Kambyaso (Vea, 81), Makkenni (Alkaras, 89), Kyeza (Yıldız, 81), Vlahoviç (Ken, 86).
Latsio: Mandas, Romanyoli, Patrik (Kazale, 46), Qila (Hüsay, 81), Maruşiç, Vesino, Genduzi, Luis Alberto (Kamada, 73), Zakkanyi (İsaksen, 14), Felipe Anderson, İmmobile (Kastelyanos, 73).
Fiorentina – Atalanta 1:0
Mandraqara, 31.
Oyundan sonra
Massimiliano Alleqri, “Yuventus”un baş məşqçisi:
“Ofsayd? Referi ilə VAR-ın qərarına hörmət etmək lazımdı (hakim ilk hissədə Vesinonun Kambyasoya qarşı hərəkətinə görə romalıların qapısına penalti təyin etsə də, videotəkrara baxdıqdan sonra Kambyasonun ofsaydda olduğuna işarə vuraraq qərarını dəyişdi – red.). Buna görə epizod haqda müzakirə aparmaq yersizdi. İtaliya kuboku A seriyasından fərqli turnir olsa da, qələbə yoluna qayıtmaq vacib idi. İlk hissədə balanslaşdırılmış oyun getdi. Fasilədən sonra “artırdıq” və çox güclü rəqibə iki qol vurduq. Amma bununla işimiz bitməyib, cavab görüşündə də yaxşı oynamalıyıq. Fasilədə nə dedim? Futbolçuları rəqib qapısına doğru qaçmağa çağırdım... Bu həqiqətdi. Futbolun sadə idman növü olduğunu deyəndə buna həqiqətən də inanıram. Oyunçularımıza ilk növbədə rəqib qapısına doğru şığımalı və sonra nəsə düşünməli olduqlarını dedim. Onlar bu axşam əsl komanda kimi oynadılar. İşə böyük məsuliyyətlə yanaşıb qətiyyət nümayiş etdirdilər. Bu gecə qələbədən tam şəkildə həzz ala bilərlər, ona görə ki, buna layiqdilər”.
Federiko Kyeza, “Yuventus”un hücumçusu:
“İlk hissədə bir qədər gərgin idik, fasilədən sonra isə yanvarda inamlı oyun sərgiləyən komandanı xatırlatdıq. Bundan sonra A seriyasına köklənməli və çempionatdakı nəticələrimizi yaxşılaşdırmalıyıq. Son vaxtlar komandaya yönələn tənqidlər ədalətlidi. 2:0 hesablı qələbə iki aydı davam edən böhrandan çıxmaq üçün kifayət deyil. “Yuventus”da gərək gücünün 110 faizi ilə oynayasan. Bu komandada təzyiqin səviyyəsi çox yüksəkdi və belə də olmalıdı.Yenə deyirəm, tənqidlərə layiq idik. Evdə “Empoli” ilə heç-heçə oynayandan sonra “İnter”ə uduzmaq bizi sıradan çıxardı. Onda dərhal təslim olduğumuzu demirəm, amma çempionluq şansı əldən çıxırsa, sonradan başqa hədəflərə köklənmək də çətin olur. “Yuventus”da oynayırsansa, klubun və azarkeşlərin tələb etdiyi bütün hədəflərə çatmaq üçün əlindən gələni etməlisən”.



