"Azərbaycanda ancaq süni otda oynayırıq" - "Sabah"ın baş məşqçisi

3.04.2024 17:10 187
Aktual / Ölkə futbolu
İtaliyanın Ravenna şəhərində, “Ravenna Cup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-13 komandası qrupda 4 oyun keçirib.

Masazırlılar ilk matçda yerli “Zambra Calcio”ya 2:0 hesabıyla qalib gəlib, ikinci qarşılaşmada “Rosina”ya (İtaliya) məğlub olub - 1:2. Ardından “Benfika Escola”nı (Lüksemburq) 3:2, “Piza”nı (İtaliya) 3:0 məğlub ediblər. Bu nəticələrdən sonra qrup mərhələsini 1-ci pillədə başa vuran Nasir Nəsirlinin yetirmələri pley-offa vəsiqə qazanıb. Burda rəqib yerli "Monteserra" olub. Qolsuz bərabərliklə başa çatan matçın penalti seriyasında məğlub olan Nasir Nəsirlinin yetirmələri turnirdə çıxışını başa vurub. Baş məşqçi oyundan sonra bunları dedi:

“Ümumiyyətlə, oyunlarımız yaxşı keçdi. Azərbaycanda ancaq süni otda oynayırıq. Burda isə təbii ot örtüyündə mübarizə aparırdıq. Buna görə də uşaqlarımızda yorğunluq hiss olunurdu. Gün ərzində 2-3 oyun keçirirdik. İstəyirdik ki, uşaqlarımızın təcrübələri artsın. Futbol səhvlər üzərində qurulan oyundu. Oyunun sonlarında yorğunluq amili hiss olunurdu. Belə turnirlərdə iştirak etdiyimizə görə rəhbərliyimizə təşəkkür edirik. Bacardığımız qədər ildə bir-iki dəfə turnirlərdə iştirak edirik. Digər komandalar isə ildə 10 turnirdə iştirak edir. Onlar bizdən daha təcrübəlidi".

ƏSƏD SEYİDOV