Xavi Ernandesin mövsümün sonunda “Barselona”dan ayrılmaq qərarına gəldiyi məlumdu. Amma rəhbərlik onu fikrindən daşındırmağa çalışacaq.
“Barselona”nın vitse-prezidenti Rafa Yuste 44 yaşlı baş məşqçini komandada saxlamağa çalışacaqlarını bildirib. Klub rəsmisi “AS”a açıqlamasında belə deyib:
“Arzu edirəm ki, Xavi klubda qalsın. Buna həm də ümid edirəm. Onunla uzunmüddətli layihəni müzakirə edirik. Söhbət heç də 1-2 mövsümdən getmir. Biz Xavini klubda qalmağa inandırmağa çalışacağıq. Lakin hər şey ondan asılıdı”.
Yeri gəlmişkən, “Barselona” hazırda La Liqanın turnir cədvəlində 30 oyuna 67 xalla 2-ci yerdədi. Lider “Real”dan 8 xal geri qalan Xavinin komandası Çempionlar Liqasında 1/4 finala çıxıb. Kataloniyalılar bu mərhələdə PSJ ilə qarşılaşacaqlar.